“Bordin inanmadı, mən də oynamaq üçün getdim” – Müsahibə

Gürcüstanın “Dinamo” (Tbilisi) klubunun hücumçusu Kvame Karikari Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

Komanda.az xəbər verir ki, 27 yaşlı qanalı forvard, öncə oyunu şərh edib:

– Çətin oyun keçdi. Yaxşı oyun sərgilədik. Nizamlı oynadıq və qalib gəldik.

– Belə qələbəni gözləyirdiz?

– Oyundan öncə düşünmürdük ki, meydana çıxanda 2-3 top vurub, qalib gələk. Ancaq hədəfimiz qələbə idi. Növbəti mərhələyə yüksəlmək üçün səfərdə qalib gəlmək önəmli idi.

– Növbəti mərhələni təmin etdiyinizi demək olar?

– Bilirsiz, bu, futboldur, nəsə demək çətindir. Futbolda istənilən hesab qeydə alınır. Deyə bilmərəm ki, növbəti mərhələni təmin etmişik. Cavab matçında da bu cür oynamalıyıq.

– “Neftçi”dən gedişin gözlənilməz oldu. Oyunun alınmadı, yoxsa baş məşqçi Roberto Bordin şans vermədi?

– “Neftçi”də özümü xoşbəxt hiss edirdim. Nəinki Bordinlə, başqası ilə də problemim olmayıb. Sadəcə, baş məşqçi mənə şans vermədi. Mən isə şans qazanmağı arzulayırdım. Bordin inanmadı, mən də oynamaq üçün getdim.

– Səudiyyə Ərəbistanı klubundan icarədən qayıdandan sonra “Neftçi”də niyə qalmadın? Müqavilən hələ bitməmişdi.

– “Neftçi” ilə danışdım. Baş məşqçi mənə planlarında olmadığımı, ehtiyac duymadığını dedi. Buna görə də, getməyə qərar verdim. Belə şəraitdə qala bilməzdim.

Şahin Cəfərov