“Bordin Azərbaycan millisi haqda mənə çox məlumat vermədi, yəqin işindən ehtiyat edir”

Futbol üzrə Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılıb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis Bakıda jurnalistlərin suallarını cavablandırıb:

  • Adətən burda məğlub olan komandaların baş məşqçisi məsafənin uzaq olmasından, hava şəraitindən şikayətlənir. Siz də mümkün məğlubiyyətdən sonra bu fikirdə olacaqsız?
  • Bütün həyatımda, istər futbolçu kimi, istərsə də baş məşqçi kimi həmişə qələbəyə inanmışam. Məğlubiyyət olsa, tək səbəbkar özüm olacam.
  • Xorvatiyanı məğlub etdikdən sonra Azərbaycanla oyunun əsas favoriti sayılırsız. Bu, futbolçulara necə təsir edir?
  • Kağız üzərində biz favoritik. Ancaq meydanda bəzən çox şey fərqli olur. Qalib gəlmək üçün yüksək səviyyədə çıxış etməliyik. Azərbaycan haqda kifayər qədər məlumat almışıq. Onlara yuxarıdan aşağı baxmırıq, belə bir fikrimiz ola da bilməz.
  • Son illərdə Macarıstan Avropa çempionatlarında final mərhələlərində yoxdur. Bu il yaxşı başladız, şanslarınız necədir?
  • Macarıstan millisi 2016-cı ildə Avropa çempionatının əsas mərhələsində iştirak edib. Azərbaycandakı kimi, Macarıstanda da AÇ-2020-nin oyunları olacaq. Qrupun əsas favoriti Xorvatiyadır. Sonra Uels və Slovakiya gəlir. Əsas hədəfimiz əvvəlcə sabahkı oyunda qələbə qazanmaqdır, sonra da Uelsi məğlub etmək. Oyuna ciddi yanaşmalıyıq.
  • Sabahkı start heyət, Xorvatiya ilə matçdakı heyətlə eyni olacaqmı?
  • Heyətin bütünlüklə eyni olması mümkün deyil. Az-çox eyni futbolçular olacaq.
  • Roberto Bordin burda çalışır, onunla danışmısızmı?
  • Bəli, onunla dostuq. Danışdıq, ancaq çox məlumat vermədi. Hər halda işindən ehtiyat edir.
  • Uzun müddətdir ki, komanda səfərdə qələbə qazanmır. Sabahkı qələbə nə dərəcə vacibdir?
  • Bunun cavabını bilsəydim, əvvəlki oyunda qələbə qazanardıq. Bütün oyunlara ciddi hazırlaşırıq. Ev oyunlarında daha uğurluyuq. Xorvatiya ilə matçda inanılmaz atmosfer var idi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button