“Bizim üçün asan olmayacaq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”a (Qazaxıstan) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Futbolçularımı təbrik edirəm. Həqiqətən, çox yaxşı komandaya qarşı oynadıq. Standart vəziyyətlərdə bizə çox çətinlik yaratdılar. Özlərinə məxsus oyun üslubları var idi. İlk hissədə çox çətinlik çəkdik. İkinci hissə isə əksinə oldu. Biz onlara çətinlik yaratdıq. Sona qədər mübarizə apardıq və qələbə qazandıq. Futbolçularımda qələbə istəyi gördüm. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar komandaya əlavə güc verdilər. Hər birinə təşəkkür edirəm.
  • Üç oyun və 7 xal. Qrupdan çıxmaq adına işin neçə faizi görülüb?
  • Qarşıda üc oyun var və bunların 2-si səfərdədir. Bizim üçün asan olmayacaq. Rəqiblər bizə həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə arxayınlaşmaq olmaz. Bəlkə də, səfərdəki 4:1 hesablı qələbədən sonra düşündülər ki, bu gün rahat qələbə qazanacağıq. Amma belə olmadı. Hər üç xal bizim üçün böyük üstünlükdür. Qarşıdakı oyunlara daha ciddi yanaşmalıyıq. Oyunumuzu yaxşılaşdırmalı, inamımızı artırmalıyıq.
  • Rəqiblərin sizinlə oyunlarda əks-hücuma üstünlük verməsi hansı çətinlikləri yaradır?
  • Çətinlik olur, amma eyni zamanda da məsuliyyətimiz daha artır. İstəyirik ki, meydanın rəqibə aid olan hissəsində oyunumuzu quraq. Belə oyunlarda bizim futbolçularımız daha böyüyür. Təkbətək mübarizədə daha aktiv olur, bütün diqqəti oyundadır. Müdafiədə daha inamlı olmalıyıq. Səhvlər qaçılmazdır. Bunlar futbolçuların və komandanın böyüməsi üçün çox faydalıdır. Hansı komandalara gücümüz çatacaq, hansılarla başa-baş mübarizə aparacağıq, bilmirəm. Futbolçularım və komandam artıq bərkiyir. Buna çox sevinirəm.
  • 75 dəqiqə rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdiz. Son 15 dəqiqə nələr dəyişdi?
  • Belə oyun üslubuna malik komandalar 90 dəqiqə tab gətirə bilmir. Biz səbrli olmalı və boşluqları gözləməliyik. Özüm də futbolçulara deyirdim ki, səbrli olsunlar. İstər-istəməz üstün olan komanda müdafiə olunur, uduzan tərəf hücum edir. Təzyiq artır. Sona kimi mübarizə aparmalıyıq. Nəticədən asılı olmayaraq, tempi qoruyub saxlamalıyıq. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq.
  • “Qarabağ” bu mövsüm avrokuboklarda məğlub olmayıb. Bədavi Hüseynov sağalandan sonra əsas heyətə qayıdacaq, ya Maksimlə rəqabət aparacaq?
  • Hər şey Bədavidən asılı olacaq. O, təcrübəli futbolçudur. Digər futbolçular da yaxşıdırsa, onlara toxunmayacağıq.
  • Qolları daha çox tənqid olunan futbolçuların vurmasının sizin üçün bir əhəmiyyəti varmı?
  • Hər oyunçunun qoluna sevinirəm. Ramilin qol vurmasına daha çox sevinirəm. İnsan çox çalışırsa, əziyyət çəkirsə, işini sevirsə, ona olan sevgim, inamım daha artır. Abbas daha çox hücumda ola, aktiv çıxış edə bilər. Bəzən belə qollar futbolçulara inam verir.
  • Son dəqiqələrdə Musa Qurbanlını meydana salmaq istəyirdiz, ancaq fikrinizdən daşındız. Bu, nəylə bağlıdır?
  • Musa meydana girsəydi, əvəzetmə qaydasını pozmuş olardıq. O səbəbdən onu meydana daxil etmədim.
  • Turnirdə hansı nəticə sizi tam razı sala bilər?
  • Futbolçuların əzmkarlığı mənim üçün əsasdır. Bu olan yerdə nəticə də olacaq. Hər oyun qələbə qazansaq, onlardan razı qalacam.

Şahin Cəfərov