“Bizi 4 ildə 20 kubok qazanan “Barselona” kimi xatırlamalarını istəyirəm”

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Deyan Lovren komandası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı xorvat futbolçu, “qırmızılar”ın vəziyyəti ilə bağlı danışıb:

“Baş məşqçimiz Yurgen Klopp bura gələndən birlikdə çalışırıq. Komandanı qurmaq üçün bizə iki-üç il lazım oldu. Bu mövsüm uğurlu çıxış edirik. Bəlkə, keçən il də uğurlu ola bilərdik, amma bir xalımız çatmadı. İndi biz bir-birimizi başa düşürük, nəyə ehtiyacımız olduğunu, nə istədiyimizi bilirik. Xüsusilə, bizi 4 ildə 20 kubok qazanan “Barselona” kimi xatırlamalarını istəyirəm. Niyə də bunu bacarmayaq? Düşünürəm ki, buna qadirik. Təkcə bu il deyil, qarşıdakı illərdə də “Liverpul”u ən yaxşı komandalardan biri kimi xatırlamalarını istəyirəm”.

Lovren 2014-cü ildən “Liverpul”da çıxış edir.