“Biz də sona qədər mübarizə aparacağıq” – “Qəbələ”nin futbolçusu

Yanvarın 5-də toplanışa start verən “Qəbələ” mövsümün ikinci hissəsinin hazırlıqlarını davam etdirir.

Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda məşq keçən “qırmızı-qaralar” ayın 13-dək doğma arenada hazırlaşacaq. Komandanın təcrübəli yarımmüdafiəçisi Merab Qiqauri hazırlıq prosesi barədə fikirlərini klubun saytına açıqlayıb:

“Mövsümün ikinci hissəsinin hazırlıqları tam sürətlə, plan üzrə davam edir. Hava şəraiti də yaxşıdır. Bu da yaxşı məşq keçməyimizə mane olmur. Bu dəfə ölkə xaricində deyil, Qəbələdə hazırlıq keçirik. Burada hazırlıq üçün hər cür şərait var. Meydançalar da buna uyğundur. Hava da işimizə yarayır. Budəfəki hazırlıq ölkə xaricindəki toplanışdan yalnız yoxlama oyunlarının sayı ilə fərqlənir. Antalyada başqa komandalarla daha çox görüş keçirmək mümkündür”.

Qiqauri, “Qəbələ”nin mövsümün arxada qalan hissəsindəki çıxışına da toxunub:

“Komandamızın mövsümün ilk hissəsindəki çıxışını əlbəttə ki, müsbət qiymətləndirirəm. Amma hesab edirəm ki, daha çox xal toplaya bilərdik. Elə qarşılaşmalar oldu ki, qalib gəlməli idik, amma qismət deyildi. Öz oyunuma gəlincə, bu barədə danışmağı sevmirəm. Özüm bundan heç vaxt razı qalmıram. Çalışıram ki, özümü meydanda daha çox göstərim. Oyunuma isə kənardan qiymət versinlər”. 

Yarımmüdafiəçi, mövsümün 2021-ci ilə aid hissəsi barədə gözləntilərini açıqlayıb. O, “qırmızı-qaralar”ın istənilən hədəf uğrunda mübarizə aparmaq iqtidarında olduğunu bildirib:

“Komandamızın gücü hər şeyə imkan verir. Biz də sona qədər mübarizə aparacağıq. Yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button