“Ümid edirəm ki, “pub”lar bizə Avropa çempionatı zamanı problem yaratmayacaq” – Elxan Məmmədov

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə iştirak edib.

Komanda.az xəbər verir ki, Məmmədov, İngiltərənin “Çelsi” və “Arsenal” klubları arasında Bakıda keçirilən Avropa Liqasının finalı ilə bağlı danışıb:

“Bakı şəhərində olan infrastrukturlar var və hamısı istifadə edilir. Avropa Liqası finalında şansımız gətirdi ki, iki ingilis nəhəngi bura gəldi. Üç gün ərzində həmin vaxt 38 min turist ölkəyə gəldi. İnfrastrukturdan danışanda təkcə stadionlar nəzərdə tutulmur. Bura hava limanı, yollar, nəqliyyat, “pub”lar, restoranlar daxildir. Zəif cəhətimiz var idi. “Pub”lar lazımi səviyyədə işləmədi. Yetəri qədər pivə yox idi. İngilislər ucuz olmasından istifadə edib həddən çox pivə içdilər. Ümid edirəm ki, “pub”lar bizə Avropa çempionatı zamanı problem yaratmayacaq”.

Məmmədov, növbəti illərdə Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyinə inandığını deyib:

“Biz gələcəkdə Çempionlar Liqasının finalını keçirmək üçün namizəd ola bilərik. Bunun üçün infrastruktur var”.