“Biz “Barselona”yıq və bəhanələrimiz ola bilməz” – Pike

İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Vilyarreal”a 2:1 hesabı ilə qalib gələn “Barselona”nın müdafiəçisi Jerar Pike oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, son zamanlardakı uğursuz çıxışları haqqında danışıb:

“Yeni mövsümə hazırlıq üçün getdiyimiz düşərgə bizə çox da kömək etmədi. Daha çox səyahətdə olduq, az məşq etdik. Amma biz “Barselona”yıq və bəhanələrimiz ola bilməz. “Qranada” ilə oyunda (0:2) etdiyimiz səhvləri bilirik. Komanda olaraq danışdıq, bu oyunda daha yaxşı çıxış etdik. Növbəti turda keçiriləcək “Xetafe” ilə oyunda da qalib gəlsək, daha yaxşı olacağıq.

Azarkeşlər oyun ərzində Luis Suaresi tənqid etdilər. İnsanlar bu oyunun bileti üçün pul xərcləyirlər və fikirlərini ifadə etmək haqları var. Azarkeşlərin sənin əleyhinə şüarlar səsləndirməsi çox çətindir, onların da bizim robot olmadığımızı başa düşmələri lazımdır”.