Birgül Soltanova Avropa çempionatının finalında!

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın 4-cü günündə gənc qızlardan ibarət millinin son 3 üzvü mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib – 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb – 4:10.

Birgül Soltanova 1/8 finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib – 10:0. Milli üzvü 1/4 finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb – 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı “tuşe” ilə məğlub edən Soltanova finala yüksəlib. Birgül həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub – 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Bunun üçün macarıstanlı Sofiya Viraqa qalib gəlmək lazımdır.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları iyulun 1-də keçiriləcək.