“Birinci oyundan əvvəl vəziyyət bir qədər qarışıq idi” – Müsahibə

Dünya çempionatının elit-raund mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan millisi dünən qarşılaşmaların keçiriləcəyi Osiek şəhərindəki “Qradaki vrt” İdman Kompleksində ilk məşqinə çıxıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi ilə milli komanda taktiki planda tapşırıqları yerinə yetirib. Məşqdən sonra millinin üzvü Eduardo Borges federasiyanın rəsmi saytına müsahibə verib.

  • Komandada əhval-ruhiyyə necədir? Yol yorğunluğu hiss olunurmu?
  • Əhvalımız yaxşıdır. Bakıdakı məşqlərimizi yekunlaşdırdıq, hazırlığın son hissəsini Osiekdə reallaşdırırıq. Düzdür, oyunların keçiriləcəyi şəhərə bu gün (dünən) gəldiyimizdən, yol yorğunluğu ola bilər. Ancaq bu da müvəqqətidir. Çünki hamımız qələbə qazanmaq, dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik.
  • Oyunun keçiriləcəyi zalda məşq keçdiz. Örtük necə idi?
  • İdman kompleksi yaxşı vəziyyətdədir. Örtüklə bağlı da hansısa şikayət etməyə əsas yoxdur, çünki parket əladır. Demək olar, bu idman qurğusu oyunlar üçün tam hazırdır.
  • Amma Bakıda Özbəkistanla keçirilən oyunlar bir qədər narahatlığa səbəb oldu. Fərqli iki oyunun nümayiş etdirilməsi nə ilə bağlı idi? Alesio nə dedi?
  • Baş məşqçi təbii ki, iradlarını bildirdi. Birinci oyundan əvvəl vəziyyət bir qədər qarışıq idi. Tyaqo və mən oyundan əvvəl Bakıya çatmışdıq. Həm də bu cür oyunlar test xarakteri daşıyırdı. Əlbəttə, hər nə qədər yoxlama oyunu olsa da, müsbət nəticəyə ehtiyac var. Çünki qələbə istər-istəməz hər kəsin əhvalını yüksəldir. Ancaq ikinci oyunda səhvlərimizi düzəltdik. Müdafiədə yaxşı oynadıq. Hərçənd şanslarımızıdan tam istifadə edə bilməsək də, qələbə qazanmağı bacardıq. Həqiqətən də, vacib oyunlar oldu.
  • Elit-raundda ilk sınaq meydan sahiblərinə qarşı olacaq. Halbuki Xorvatiyaya qarşı elə bu zalda 5 il əvvəl mübarizə aparmısan və komandamıza lazım olan nəticə qazanılıb. Bu dəfə də istədiyimizi əldə edə biləcəyikmi?
  • Xorvatiya millisi çox güclü komandadır. Dünya reytinq cədvəlində də ilk “10-luq”dadılar. Bu, elə-belə göstərici deyil. Onlar da iddialıdılar. Çox çətin olacaq. Ümumiyyətlə, rəqiblərimizin heç biri zəif komanda deyil. Hər birinə qarşı ciddi mübarizə aparmalıyıq. Slovakiya ilə Bakıda qarşılaşmışdıq. Qələbə qazansaq da, buna çətinliklə nail olduq. Rusiya isə reytinq cədvəlində ilk “3-lük”dədir. Dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində iştirak ediblər. Yəni bir oyun yox, bütün rəqiblərimiz haqda düşünməliyik. Sadəcə, ilk görüşümüz xorvatlarla olduğuna görə, indi bütün diqqətimizi bu matça yönəltmişik.
  • Şansları necə dəyərləndirirsən?
  • Bu, futzaldır. Hər bir saniyə imkan verir ki, oyunun nəticəsini dəyişəsən. Hər oyunda qalib də gələ bilərsən, məğlubiyyətlə də barışmalı olarsan. Hətta görüşlərin hamısını heç-heçə ilə də başa vurmaq olar.
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button