Diniyev: “Onun mənə qarşı heç bir qərəzi yox idi” – Müsahibə

Bir müddət əvvəl “Sabah” klubu ilə yollarını ayıran Kərim Diniyevin Komanda.az saytına müsahibəsi:

  • Kərim, “Sabah”dan ayrılmağının səbəbi nə idi?
  • Səbəb müqaviləmin müddətinin bitməsi idi. İki illik sözləşməmiz var idi və vaxtı bitdi. Bir-birimizə uğurlar arzulayıb, yollarımızı ayırdıq.
  • Niyə müqavilənin müddətini artırmadız? Baş məşqçi Jelko Sopiçin planlarında yer almırdın?
  • Belə deyək də, koronavirusa görə çempionatın dayandırıldığını biləndən sonra müqaviləmin vaxtı bitdiyi üçün baş məşqçi Sopiç və rəhbərliklə görüş oldu. Mənə yeni müqavilə bağlanılmayacağı deyildi. Bu, baş məşqçinin qərarı idi.
  • Başqa klublardan təkliflər varmı?
  • Xeyr, hələ heç bir təklif yoxdur.
  • Özünü menecerlər vasitəsilə hansısa kluba təklif edəcəksən, yoxsa ancaq gözləmə mövqeyində olacaqsan?
  • Mənim nə istədiyimin o qədər də mənası yoxdur. Hamı kimi mən də ən yaxşı klublarda oynamaq istəyərəm. Amma hələ real nəsə yoxdur. Heç bir təklif olmadığına görə də, nəsə demək çətindir.
  • Atan Şahin Diniyev növbəti klubun haqda sənə hansısa məsləhətlər verirmi?
  • Hələ heç nə. Təkrar olacaq, lakin yenə deyirəm, hansısa təklif yoxdur ki, atamla bunu məsləhətləşim. Çempionat dayandırılıb və hələ bir şey yoxdur.
  • Çempionatın dayandırılmasına qərarına münasibətin necə oldu? “Sabah”ın üst pillələrdəki komandalarla xal fərqi az idi, bəlkə də, çempionat davam etsəydi, Avroliqaya gedə bilərdiz, səni də komandada saxlayardılar.
  • Son günlərdə koronavirusla bağlı statistikaya baxanda görünür ki, həqiqətən də, vəziyyət kritikdir. Çempionatın dayandırılmasını normal qarşıladım. Bu dəqiqə əsas olan insanların sağlamlığıdır. Salamatçılıq olsun, qalan hər şey düzələr. Futbol sahəsində də kimsə yoluxsa, həmin adamın ailəsi də buna yoluxa bilərdi. Buna görə də, çempionatın dayandırılmasının düzgün qərar olduğunu düşünürəm. Düzdür, Avroliqa şansları var idi, amma bu, tək bizim üçün deyil, digər klublar üçün də belə idi. Komandalar arasındakı xal fərqi böyük deyildi, lakin indi də vəziyyət belə alındı. “Sumqayıt”a ilk dəfə iştirak edəcəyi Avroliqada uğurlar arzu edirəm.
  • “Sumqayıt” müdafiəçisi Şəhriyar Əliyevlə yollarını ayırdı. Komandanın Avropa Liqasında iştirak edəcəyini nəzərə alsaq, təcrübəli müdafiəçiyə ehtiyacları olacaq və sən də “Kəpəz”lə avrokuboklarda iştirak etmisən. Təklif gəlsə, fikrin nə olar?
  • İlk növbədə Şəhriyara yeni klubunda uğurlar arzu edirəm, həmçinin, “Sumqayıt”a da. Təklif olmadığına görə nəsə deməyim düzgün deyil.
  • Kərim, “Sabah”dakı son mövsümünü necə dəyərləndirirsən?
  • “Yaxşı keçmədi” deyə bilərəm. Səhv etmirəmsə, 20 oyunun yarısında oynadım. Niyəsini özüm də bilmirəm, amma hər işdə bir xeyir var. Bəlkə də, qismət belə imiş.
  • Sopiç hər zaman açıqlamalarında deyirdi ki, məşqlərdə özünü göstərməyən futbolçu oynamayacaq. Yəqin sən də özünü yaxşı tərəfdən göstərə bilməmisən.
  • Yox, belə düşünmürəm.
  • Bəs səninlə şəxsi qərəzliyi var idi onda?
  • Yox, sadəcə belə istəyirdi. Onun mənə qarşı heç bir qərəzi yox idi.
  • Karantin günlərini necə keçirirsən? Həm klubsuz qalmısan, həm də məşqsiz.
  • Çətindir, həm də çox çətindir. Neçə aylardır ki, normal hazırlıq keçə bilmirik. Evdə məşqlər etsək də, lazım olan effekti vermir.
  • Bu vəziyyət klublarımızın avrokuboklardakı çıxışlarına necə təsir göstərəcək?
  • Oyunlar avqustda başlayacaq, hələ bir az vaxt var. Koronavirusa görə ölkə xaricində toplanış keçmək, yoxlama oyunları oynamaq çətin olacaq. Amma inanıram ki, klublarımız bunun da öhdəsindən gələ biləcək.
  • Kərim, sonda koronavirusla bağlı fikirlərini bilmək istərdim. Hazırda bu virusa inananlar da var, inanmayanlar da. Sən hansındansan?
  • Diqqətli və ehtiyatlı olmaq lazımdır. Çox adam görürəm ki, inanmır, amma həqiqətən, vəziyyət ciddidir. Qaydalara və sosial məsafəyə diqqət etmək, maska taxmaq lazımdır. Özümüzü və ailəmizi qorumalıyıq. Tanıdığım 2-3 nəfər var ki, bu virusa yoluxmuşdular. İnşallah, tez bir zamanda bu virusdan qurtularıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button