“Beşiktaş”da üç ayrılıq, bir yeni oyunçu

“Beşiktaş” sabiq hücumçusu Cenk Tosunun keçidini tam həll edib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı futbolçunu İngiltərənin “Everton” klubundan mövsümün sonuna kimi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Cenk Tosun 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümünün birinci dövrəsi daxil olmaqla bütövlükdə 3.5 mövsüm “Beşiktaş”ın uğurları üçün çalışıb. 29 yaşlı hücumçu bu komandanın heyətində bütövlükdə 142 rəsmi matça çıxıb, 64 qol vurub. Cenk, 2018-ci ilin yanvarında 22.5 milyon avro qarşılığında “Everton”a transfer edilmişdi.

Yeri gəlmişkən, “Beşiktaş” öz oyunçularından bir neçəsi ilə vidalaşıb. Belə ki, “qara-qartallar”ın gənc hücumçusu Güven Yalçın İtaliyanın “Leççe” komandasına icarətə verilib. 22 yaşlı hücumçu cari mövsümün sonunadək B Seriyası təmsilçisində çıxış edəcək. “Sarı-qırmızılar” yayda gənc forvardı birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, 2018-ci ildən “Beşiktaş”da çıxış edən Güven Yalçın Türkiyə millisində 3 oyun keçirib.

“Beşiktaş” yarımmüdafiəçisi Cermeyn Lensi Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ə icarəyə verib. Niderlandlı 33 yaşlı futbolçu da mövsümün sonuna qədər icarədə oynayacaq. Onun öz klubu ilə 1 illik müqaviləsi qalır.

Lens karyerası ərzində yetirməsi olduğu “Ayaks”la yanaşı, “Lans”, “Alkmaar”, “Neymegen”, PSV və “Fənərbaxça”nın da formasını geyinib.

“Beşiktaş”ın ABŞ-dan olan yarımmüdafiəçisi Tayler Boydu isə “Sivasspor” icarəyə götürüb. ABŞ yığmasının 26 yaşlı üzvü də mövsümün sonuna qədər Sivas təmsilçisində icarədə oynayacaq.

2019-cu ilin iyulundan “Beşiktaş”da çıxış edən Boyd, bu mövsüm cəmi 6 rəsmi oyuna çıxıb və 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button