“Beşiktaş” yeni transferini rəsmən açıqladı

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, İstanbul klubu ispaniyalı müdafiəçi Viktor Ruisi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötən gün İstanbula gələn 30 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

İspaniyanın aşağı yaşı qrupları üzrə müxtəlif yığmalarında oynamış Viktor Ruis “Espanyol”un yetirməsidi. O, peşəkar karyerasına 2009-cu ildə məhz bu klubda başlayıb. 2011-ci ildə müdafiəçi İtaliyanın “Napoli” klubuna transfer olunub. Amma elə həmin il yenidən ölkəsinə qayıdan futbolçu “Valensiya” ilə müqavilə bağlayıb. Ruis 4 il bu klubun şərəfini qoruduqdan sonra 2014-də “Vilyareal”a üz tutub. Təcrübəli futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində 34 oyun keçirib.

“Beşiktaş” bu yay Tayler Boyd və Duqlası da transfer etmişdi.