Ben Arfanın yeni klubu bəlli oldu

Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Hatem Ben Arfanın yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, Tunis əsilli fransalı futbolçu bu ölkənin “Bordo” klubu ilə anlaşıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Ben Arfa yeni komandasında “8” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, son olaraq İspaniyanın “Valyadolid” klubunun uğurları üçün çalışan Ben Arfa avqustun 1-dən azad agent statusu daşıyırdı. 33 yaşlı futbolçu karyerası ərzində “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Nyukasl”, “Hall Siti”, “Nitsa”, PSJ, “Renn” klublarının da formasını geyinib. Fransa yığmasında 15 oyuna 2 qol vurmuş vinger, karyerası ərzində 394 çempionat oyununa çıxıb, 73 qola imza atıb.