“Bavariya” “Atletiko” ilə oyuna ciddi itkilərlə çıxacaq

Almaniyanın “Bavariya” klubunun üç aparıcı futbolçusu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyada “Atletiko”ya qarşı keçiriləcək oyunu buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hansi Flik qarşılaşma öncəsi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qapıçı Manuel Noyer, yarımmüdafiəçi Leon Qoretska və hücumçu Robert Levandovski zədə səbəbindən Madrid təmsilçisi ilə matçda iştirak etməyəcək.

Qeyd edək ki, “Bavariya”da zədədən əziyyət çəkən digər futbolçular – Alfonso Deyvis, Yozua Kimmix və Korenten Tolisso da hələ bərpa prosesini başa vurmayıb. Adı çəkilən futbolçuların heç biri Madridə aparılmayıb.

Dekabrın 1-də oynanılacaq “Atletiko” – “Bavariya” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.