“Baş məşqçi yollarımızı ayırmaq istəsə, buna qarşı çıxmaram” – Vidal

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Arturo Vidal açıqlama verib.

Komanda.az Çili mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, Kataloniya klubunun hazırkı vəziyyəti ilə bağlı danışıb:

“Baş məşqçimiz indiyədək çox detalı sınadı və indi komandanın nəyə ehtiyacı olduğunu bilir. İstənilən halda, mövsümün sonunda deyil, əvvəlində çətinliklərlə qarşılaşmaq daha yaxşıdır. Keçən mövsümə necə başladığımızı və tamamladığımızı xatırlamalıyıq. “Barselona”nın cari mövsümü üç kubokla bitirəcəyinə inanıram”.

“Barsa”ya gəlmə səbəbi haqqında danışan çilili futbolçu, “Atletiko”dan transfer olunan Antuan Qrizmann barədə də fikirlərini bildirib:

“Bura uğurlu olmaq və komandanın qazanacağı uğurlarda pay sahibi olmaq üçün gəlmişəm. Baş məşqçi yollarımızı ayırmaq istəsə, buna qarşı çıxmaram. Amma hələ də güclü olduğuma inanıram və bu klubla Çempionlar Liqasını qazanmaq istəyirəm.

Qrizmannın “Barselona”ya uyğunlaşması asan deyil. O, fərqli bir sistemlə oynayırdı və dünyanın ən yaxşı komandasına gəldi. Ona bir az vaxt verməliyik. Zamanla komandaya çox böyük fayda verəcəyinə əminəm”.

2018-ci ildən “Barselona”nın şərəfini qoruyan Vidalın klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.