“Liverpul” yarımfinalda, MS “Tottenhem” səddini keçə bilmədi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Barselona” öz meydanında “Mançester Yunayted”i qəbul edib. İlk oyunda səfərdə minimal hesablı qələbə qazanan Kataloniya təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. Amma İspaniya nəhəngi bu dəfə daha böyük hesabla qələbə qazanaraq, yarımfinala yüksəlib.

Günün digər qarşılaşması isə İtaliyada baş tutub. “Yuventus” doğma azarkeşləri önündə “Ayaks”ı qəbul edib. İlk oyunda heç-heçəyə razılaşan komandaların cavab matçında da hesabı turinlilər açıblar. Amma hollandların buna cavabı gecikməyib. Bu azmış kimi, ikinci hissədə “Ayaks” daha bir qol vurmaqla İtaliya çempionuna əsl şok yaşadıb. Qarşılaşmada başqa qol olmayınca, Hollandiya təmsilçisi, Madrid “Real”ının ardından bu turnirin daha bir favoritini mübarizədən uzaqlaşdırmaqla növbəti sensasiyasını gerçəkləşdirib.

Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki cavab oyunu bu gün baş tutub. “Mançester Siti”doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edib. İlk görüşdə rəqibini minimal hesabla məğlub edən “Tottenhem”də komandanın əsas “qol silahı” Harri Keyn zədə səbəbindən bu matçda forma geyinməyib. “Mançester Siti”də isə ciddi itki yox idi. Buna baxmayaraq, London təmsilçisi bu görüşdə möhtəşəm əzmkarlıq nümayiş etdirib və bol qollu qarşılaşmadan məğlub ayrılmasına baxmayaraq, səfərdə daha çox top vurması sayəsində yarımfinala yüksələn tərəf olub.

Günün digər qarşılaşmasında “Portu” “Liverpul”u qəbul edib. İlk oyunda 2:0 hesablı qələbə qazanan İngiltərə təmsilçisi, bu görüşün də əsas favoriti idi. Gözlənildiyi kimi, bu komanda səfərdə də qələbə qazanmaqla sürprizə imkan verməyib.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

17 aprel

Mançester Siti (İngiltərə) – Tottenhem (İngiltərə) 4:3
Qol: Sterlinq, 4; 21. B.Silva, 11. Aquero, 59 – H.M.Son, 7; 10. Lyorente, 73.
İlk oyun – 0:1
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Mançester, “Etihad” stadionu

Portu (Portuqaliya) – Liverpul (İngiltərə) 1:4
Qol: Militao, 69 – Mane, 26. Salah, 65. Firmino, 7. Van Deyk, 84.
İlk oyun – 0:2
Baş hakim: Dani Makkeli (Hollandiya)
Portu, “Draqan” stadionu

16 aprel

Barselona (İspaniya) – Mançester Yunayed (İngiltərə) 3:0
Qol: Messi, 16; 20. Koutinyo, 61.
İlk oyun – 1:0
Baş hakim: Feliks Brix (Almaniya)
Barselona, “Kamp Nou” stadionu.

Yuventus (İtaliya) – Ayaks (Hollandiya) 1:2
Qol: Ronaldo, 28 – V.D.Bek, 34. De Liqt, 67.
İlk oyun – 1:1.
Baş hakim: Kleman Tyurpen (Fransa)
Turin, “Juventus Stadium”