Zidan Valverde haqda: “O, indiyə qədər möhtəşəm işlər gördü”

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”a məğlub olan “Barselona” və komandanın çalışdırıcısı Ernesto Valverde ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, katalonların mübarizəni dayandırmasının onları maraqlandırmadığını deyib:

“Çempionlar Liqasını qazanmaq çox çətindir. Son 5 ildə 4 dəfə bu kuboku qazanmağın nə qədər xüsusi olduğunu bilirik. “Barselona”nın Çempionlar Liqasında mübarizəni dayandırması bizi maraqlandırmır. Onların uğursuzluğu bizim bu mövsümkü pis nəticələri dəyişdirmədi. Öz işimizə köklənməliyik”.

46 yaşlı mütəxəssis, Valverdeyə olan tənqidlərlə bağlı da danışıb:

“O, indiyə qədər möhtəşəm işlər gördü. Tənqidlərin haqlı olub-olmadığı ilə bağlı bir şey deyə bilmərəm, amma tənqidləri qəbul etmək məcburiyyətindəsiz. Edə biləcəyiniz başqa bir şey yoxdur”.