“Bəlkə də, heç bir komandada Ronaldo kimi futbolçu yoxdur, amma…” – Sarri

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində “Bayer”ə 2:0 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qələbə haqqında danışan 60 yaşlı mütəxəssis, hücumçu Kriştiano Ronaldo ilə bağlı da danışıb:

“Artıq fərqli bir mərhələdəyik. Geriyə Avropanın ən yaxşı 16 komandası qalıb. Əlbəttə ki, 3-4 daha güclü, böyük komanda var, amma püşkdə heç bir üstünlük yoxdur. Rəqibimizin hansı komanda olacağından asılı olmayaraq, oyunlara fikizi və psixoloji cəhətdən güclü hazırlaşmalıyıq.

Ronaldo çox yüksək səviyyəli futbolçudur, bu, göz qarşısındadır. Hər halda, 5 dəfə “qızıl top” mükafatını qazanan futbolçudan danışırıq. Amma Ronaldo var deyə, hər oyunda qalib gələ bilmərik. Bəlkə də, heç bir komandada Ronaldo kimi futbolçu yoxdur, amma olduqca güclü rəqiblər var. O, bizə çox kömək edə bilər, lakin əlindən gələni etməsi üçün ona şərait yaratmalıyıq”.