“Bəlkə də, hazırda onlarla rəqabət apara bilmərik” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, Premyer Liqadakı çempionluq yarışı və “şəhərlilər”in vəziyyəti ilə bağlı danışıb:

“Liverpul”, “Mançester Yunayted”, “Real”, “Barselona”, “Yuventus” kimi komandalar oynaya biləcəyimiz rəqiblərdir. Amma reallıq budur ki, bəlkə də, hazırda onlarla rəqabət apara bilmərik. Bunu qəbul etməli, irəli baxmalı və oyunumuzu yaxşılaşdırmalıyıq. Səhvlərimizə, rəqibin səviyyəsinə və müdaxilə edə bilmədiyimiz məsələlərə görə hazırda “Liverpul”dan 14 xal geridəyik. Bu, reallıqdır, amma davam etməyə məcburuq.

İndi dekabr ayının başlanğıcıdır, mübarizə aparmağımız lazım olan başqa turnirlər də var. Hazırda Çempionlar Liqasını qazanmaq haqqında düşünmürük, neçə xal toplamalı olduğumuzu və ya rəqiblərin xal itirməsini fikirləşmirik”.

Premyer Liqada keçirdiyi 16 turdan sonra 32 xal toplayan “Mançester Siti” 3-cü pillədə qərarlaşıb və lider “Liverpul”dan 14 xal geridədir.