“Azarkeşsiz futbol çətin və darıxdırıcıdır” – Voyislav Stankoviç

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, azarkeşsiz futbol oynamağın çətin və darıxdırıcı olduğunu bildirən serbiyalı futbolçu komandanın bu mövsüm titul qazanacağına inam ifadə edib:

  • Pandemiya səbəbindən uzun müddət vətənindən uzaq qalmışdınız. Axır ki, həsrətə son qoyuldu. İndi özünüzü necə hiss edirsiniz?
  • Bəli, artıq 1 il idi vətənimdən uzaqda idim. Nəhayət, fasilə bitəndən sonra evimə gedə bildim. Uzun müddətdən sonra valideynlərimi, dostlarımı gördüm. Serbiyada yarımçıq qalmış bəzi işlərimi bitirdim. Artıq psixoloji planda özümü daha yaxşı hiss edirəm.
  • Qış fasiləsindən sonra ilk matçı qələbə ilə başa vurdunuz. “Səbail”ə səfərdə 3:1 hesabı ilə qalib gəldiyiniz oyunu necə dəyərləndirərdiniz?
  • Yeni ildə çempionata qələbə ilə başlamağımız çox vacibdir. Asan olmadı, çünki fasilədən sonra ilk oyun adətən çətin keçir. Qalib gəldiyimiz üçün çox şadam.
  • Artıq iki mövsümdür “Neftçi”nin formasını geyinirsiniz. Bu müddət ərzində 38 oyuna çıxaraq, 1 qol vurmusunuz. Çempionluq uğrunda mübarizədə əsas rəqib “Qarabağ”ın qapısından keçirdiyiniz topu karyeranızda ən vacib qol hesab etmək olar?
  • Bəli, artıq iki ildir “Neftçi”dəyəm. Burada oynamaq mənim üçün rahat və xoşdur. Çünki Serbiyada şərəfini qoruduğum “Partizan” klubu kimi “Neftçi”nin də rəngləri ağ-qaradır. Ağ-qara formanı çox sevirəm. Bu mövsüm mənim və komandam üçün çox yaxşı alınır, amma daha da yaxşı oynamalıyıq. “Qarabağ”ın qapısından keçirdiyim topa gəlincə, yaxşı və qələbədə payı olan qol idi. Amma inanıram ki, gələcəkdə bundan da vacib qola imza atacağam.
  • “Neftçi” dörd müdafiəçili sistemdən üç müdafiəçili sistemə keçsə də, əsas heyətdəki yerinizi qoruya bilirsiniz. Yeni sistem barədə nə düşünürsünüz?
  • Üç müdafiəçili sistem məni tamamilə qane edir. Fikrimcə, bu sistemdə daha yaxşı oynayıram. Amma hamımız peşəkar futbolçuyuq və baş məşqçinin seçdiyi hər bir sistemdə çıxış edəcəyik. Hazırda üç müdafiəçili sistemdən faydalanmağımız göstərir ki, biz daha yaxşı və stabil oynayırıq. Belə də davam etməliyik.
  • Baş məşqçi dəyişikliyindən sonra komanda liderliyə yüksəlib və çempionluğa əsas namizədlərdən biri sayılır. Sizcə, Samir Abasov “Neftçi”yə nə gətirib?
  • Yeni baş məşqçi yeni sistemlə gəlib. Bu sistem bizə şərait yaradır ki, həm müdafiə, həm də hücumda daha yaxşı oynayaq. Gözəl və sabit futbol nümayiş etdiririk. Hər birimiz baş məşqçinin bizdən nə istədiyini yaxşı başa düşürük. Samir Abasov emosional və xarakterlidir. İndiki nəticələr göstərir ki, biz düz yoldayıq və daha da irəli getməliyik.
  • “Neftçi” çempionluqla yanaşı, kubok uğrunda da mübarizəni davam etdirir. 1/4 finalda “Qaradağ Lökbatan” – “Zirə” cütünün qalibi ilə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
  • Bütün komandalara hörmətlə yanaşırıq, amma çox güman ki, kubokdakı rəqibimiz “Zirə” olacaq. “Neftçi”nin qarşısına hər mövsüm böyük hədəflər qoyulur. Bu il də həm çempionluq, həm də kubok uğrunda mübarizə aparacağıq. İnanıram ki, nəhayət, titul qazana biləcəyik. “Neftçi” son iki kubok yarışında mübarizəni 1/4 finalda dayandırıb. Bu mövsüm sonadək irəliləyəcəyimizə inanıram.
  • Məlum səbəbdən oyunlar azarkeşsiz keçirilir. Yəqin ki, siz də azarkeşlərin stadiona gəlib komandanızı tribunalarda dəstəkləyəcəyi günü gözləyirsiniz…
  • Əlbəttə! Azarkeşsiz futbol oynamaq çətin və darıxdırıcıdır. Təkcə mən və komanda yoldaşlarım yox, digər klubların da bütün üzvləri istəyər ki, tribunalar azarkeşlərlə dolsun. Çünki belədə futbol daha maraqlı olur. İnanıram ki, pandemiya dövrü tezliklə bitəcək və azarkeşlər stadiona gələcəklər.