Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu

Bu gün Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatına start verilib.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə oğlanların 50, 55, 60, qızların 40, 44 və 48 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Şahin Oruczadə qızıl medal qazanıb. 55 kq çəki dərəcəsində yer alan Oruczadə finalda serbiyalı Matiya Yeremiçə vaxtından əvvəl ipponla qalib gəlib. O, yarımfinalda ermənistanlı Vahe Aqasyana qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Nizami İmranov da Avropa çempionu olub. 60 kq çəki dərəcəsində yarışan idmançımız macarıstanlı Adam Mayor vaxtından əvvəl ipponla qalib gəlib. Bununla da o, milli komandaya ikinci qızıl medalı qazandırıb.

Məhəmməd Məmişov (50 kq) qitə birinciliyini bürünc medalla başa vurub. O, 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov qızıl xal bölümünün 25-ci saniyəsində rəqibini məğlubiyyətə uğradıb.

Qadın cüdoçularımızdan isə Aydan Vəliyeva (48 kq) gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yer alan Vəliyeva finalda isveçli Tara Babulfata uduzub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatında ilk yarış gününü 4 medalla başa vurub. Bu gün mübarizəyə qoşulan 6 cüdoçudan ikisi – Xalid Məmmədov (50 kq) və Xumar Qasımzadə (44 kq) yarışı medalsız başa vurub.

Azərbaycan yarışa 14 cüdoçu ilə qatılıb. İyunun 26-dək davam edəcək qitə birinciliyində 40 ölkədən ümumilikdə 420 (231 oğlan, 189 qız) idmançı qüvvəsinı sınayacaq. İlk üç gündə fərdi, son gündə isə komanda yarışı baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button