Azərbaycanda daha 3 federasiyanın statusu dayandırıldı

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Komanda.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası haqqında hesabat, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2022-ci ilin may ayı üçün perspektiv iş planı və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Kollegiyanın qərarına əsasən, göstərdikləri yüksək nəticələrə görə Cəfərov İslam Əli oğlu, Əliyev Rayət Səhlədar oğlu, İsayev Nizami Çərkəz oğlu “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, Əliyev Rəşad Rauf oğlu və Hüseynov Şahin Rüstəm oğlu “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, İsrafilov Vəli Rəşadət oğlu isə “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adlarına layiq görülüblər.

İclasda, həmçinin, ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi barədə xüsusi komissiyanın arayışı müzakirə edilib. “Azərbaycan Atletika Federasiyası” İB, “Azərbaycan Ağır Atletika Federasiyası” İB, “Azərbaycan Basketbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası”, “Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və “Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Qeyd edək ki, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 20-yə çatıb. Ümumilikdə, 22 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button