“Neftçi” – “Qarabağ: 2,97 milyonluq fərq – statistika nə deyir?

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün qalibi mayın 19-da keçiriləcək “Neftçi” – “Qarabağ” matçından sonra bilinəcək.

Komanda.az xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Arena”da oynanılacaq qarşılaşmada “Qarabağ” qələbə qazansa və ya heç-heçə etsə, qızıl medalların sahibi olacaq. “Ağ-qaralar”a isə çempionluq üçün yalnız qələbə lazımdır.

Komandalar buna qədər ümumilikdə 100 dəfə üz-üzə gəlib. Bunların 38-də ağdamlılar, 27-də isə bakılılar qələbə qazanıb. 35 oyun isə “sülh”lə başa çatıb. “Neftçi” ilə “Qarabağ” arasında ilk oyun 1992-ci ildə keçirilib və həmin qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Komandalar arasında baş tutan son qarşılaşmada “Neftçi” 2:1 hesablı qələbə qazanıb.

“Qarabağ” bu mövsüm Premyer Liqada 27 turda 16 qələbə qazanıb, 2 dəfə isə məğlub olub. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu mövsüm çempionatda “Neftçi”yə iki oyunda uduzub (1:2, 1:2). Bununla yanaşı, “Neftçi” də bu mövsüm ən böyükhesablı məğlubiyyətini “Qarabağ”dan alıb. “Ağ-qaralar” Premyer Liqanın 9-cu turunda doğma meydanda “Qarabağ”a 0:6 hesabıyla uduzub. “Köhlən atlar” çempionatda 27 oyunda 64 qol vurub, 17-sini də buraxıb.

“Neftçi” Premyer Liqada 27 turdan sonra 17 qələbə qazanıb, 5 dəfə meydanı xalsız tərk edib. “Ağ-qaralar” 46 dəfə rəqib qapısına yol tapıb, qapısında isə 25 top görüb.

“Qarabağ” – “Neftçi” / Premyer Liqada 2-ci dövrənin oyunu – 1:2

“Neftçi”nin və çempionatın bombardiri 19 qolla Namik Ələskərovdur. Bakılıların heyətində Namikdən sonra ən çox qol vuran futbolçu Mirabdulla Abbasovdur. Onun aktivində 9 qol var. “Neftçi”nin ən çox ötürmə edən futbolçusu isə Emin Mahmudovdur. “Ağ-qaralar”ın kapitanının aktivində 8 məhsuldar ötürmə var.

“Qarabağ”ın heyətində isə ən çox qol vuran Mahir Emrelidir. Emreli 18 qolla həm də Premyer Liqada bombardirlik yarışında ikinci sıradadır. Mahirdən sonra ağdamlıların heyətində Filip Ozobiç 11, Kvabena Ovusu və Abdullah Zubir 8 qol vurub. Zubir həm də “Qarabağ”ın heyətində ən çox məhsuldar ötürmə verən futbolçudur. Fransalı yarımmüdafiəçinin 9 ötürməsi var.

“Neftçi”nin “transfermarkt”da dəyəri 8,73 milyon avrodur. Paytaxt klubunun ən dəyərli futbolçusu 900 min avro ilə Emin Mahmudovdur. “Qarabağ”ın dəyəri isə 11,70 milyon avrodur. “Köhlən atlar”ın ən dəyərli futbolçusu 1,2 milyon avro ilə Abdullah Zubirdir.

Abdullah Zubir

“Qarabağ” ilə “Neftçi” arasında baş tutan son oyun qalmaqallı keçmişdi. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada “Qarabağ”ın 1, “Neftçi”nin isə 3 futbolçusu qırmızı vərəqə ilə cəzalanmışdı. Həmin görüşdə “ağ-qaralar” 8 nəfərlə qalmasına baxmayaraq, “Qarabağ”ı 2:1 hesabıyla məğlub etməyi bacarmışdı.

“Neftçi” ilə “Qarabağ” arasındakı son 10 oyunun 3-də “Neftçi”, 3-də “Qarabağ” qələbə qazanıb. Ağdamlılar bu matçlarda 16, “Neftçi” isə 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button