“Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” – Yurçeviç

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Yurçeviç, AÇ-2020-nin seçmə mərhələsində Macarıstana məğlub olduqları oyundakı (1:0) yanlış hakim qərarı ilə bağlı da danışıb:

“Əvvəllər belə bir qərarla üzləşib-üzləşmədiyimi bilmirəm. Futbolçum təmiz qol vursa da, hakim dərhal onun əllə oynadığına işarə etdi. Sonradan hakim mənə səhvini etiraf etdi. O, gənc və yaxşı hakimdir. Mən də onun üzrxahlığını qəbul etdim. Hərçənd, bu mənə lazım deyildi. Bu epizod bizim üçün turnir cədvəli baxımından böyük əhəmiyyət kəsb etmirdi. Amma biz bunu istəyirdik və öz işimizlə layiq idik. Bu qol Xorvatiyaya da kömək edərdi. İndi isə hər şey daha çətin oldu. Lakin əminəm ki, Xorvatiya sonda lazım olanı edəcək və final mərhələsinə yüksələcək. Xorvatiya millisi qrupun ən güclüsüdür.

Püşkatmadan sonra qrupdakı bütün komandalar bizi məğlub etməyi hədəfləyirdi. Ancaq biz də mübarizəmizi davam etdirəcəyik. Xorvatiyadan 1 xal aldıq, Macarıstanla görüşdə də buna çox yaxın idik. Hər oyun bizim üçün yeni motivasiyadır. Seçmə mərhələnin son 180 dəqiqəsində Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq”.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Uelslə Bakıda, 19-da isə səfərdə Slovakiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button