Foqtsun sevimlisi, türklərin “azərimiz” dediyi türk – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Komanda.az saytının “Dünən bizdə, bu gün harda?” adlı rubrikası davam edir.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. Bu dəfə 4 dəfə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində, 10 dəfə əsas yığma komanda ilə meydana çıxan Əli Gökdəmirdən danışacağıq.

1991-ci ildə Almaniyanın Şvebiş-Hall bölgəsində anadan olan Əli, 2011-ci ildə 21 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət olunub. Həmin dövrdə Almaniyanın “Hannover” klubunun ikinci komandasında forma geyinən 28 yaşlı müdafiəçi, Bernhard Lippertin milliyə cəlb etdiyi futbolçulardandır. U-21-lə üçü rəsmi olmaqla dörd oyunda iştirak edən Əli, bir dəfə də qol vurmağı bacarıb. Müdafiəçi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya yığmasıyla keçirilən görüşdə Azərbaycana qələbə qazandıran yeganə qolu vurub – 1:0.

2012-ci ildə Berti Foqtsun çalışdırdığı Azərbaycan millisinə çağırılan Gökdəmir, 2012-2014-cü illər aralığında millidə 10 oyunda iştirak edib. Yaponiya yığmasıyla matçda debüt edən Əli, 90 dəqiqə meydanda qalıb. Həmin görüşdə Azərbaycan millisi yaponlara 0:2 hesabıyla uduzub.

2010-2014-cü illərdə “Hannover”də çıxış edən müdafiəçi, 2014-cü ildə Türkiyənin “Elazığspor” klubuna icarəyə verilsə də, burda şans qazana bilmir və elə həmin ildə də Azərbaycana yola düşür. 2014-cü ilin yayında “Simurq” klubuyla iki illik müqavilə imzalayan Gökdəmir, Zaqatala təmsilçisində 12 oyunda iştirak edir və bir qol vurur. 2015-ci ildə “Simurq”un fəaliyyətini dayandırmasıyla Azərbaycandan ayrılan Əli, Almaniyaya qayıdır və hazırda da bu ölkədə karyerasını davam etdirir.

Berti Foqtsun sevimli futbolçularından sayılan Gökdəmir, alman mütəxəssisin işini müsbət dəyərləndirirdi. Belə ki, Əli, Foqtsun Azərbaycan millisini bütün Almaniyaya tanıtdığını deyirdi. Foqtsun yığmadakı son dövrlərində milli komandaya dəvət almayan müdafiəçi, buna baxmayaraq, alman mütəxəssisin haqlı olduğunu bildirirdi. Futbolda nəticənin ön planda olmasını vurğulayaraq, Foqtslu millinin DÇ-2014-ün seçmə mərhələsində 9 xal toplamasını xüsusi fərqləndirirdi.

Almaniyada doğulan, əslən türk olan Əli, özünü azərbaycanlı kimi tanıtdırmışdı. “Elazığspor”da oynayan zaman komanda yoldaşları tərəfindən “azərimiz” deyə çağırılan Əli, Xocalı faciəsinə də biganə qalmamışdı. O, bir dəfə sosial şəbəkə hesabında Xocalı faciəsi ilə bağlı faktları və öz düşüncələrini paylaşmışdı.

Azərbaycanlı futbol azarkeşləri müdafiəçinin oyunlarda heç də tam can yandırmadığını düşünürdü. Halbuki, Əli Gökdəmir “Hannover”də çıxış edən zaman Türkiyə və Azərbaycanın U-21 komandalarından təklif alsa da, seçimi Azərbaycandan yana olmuşdu. Həmin dövrdə türkiyəli baş məşqçi Tayfun Korkutun rəhbərlik etdiyi Almaniya klubunda az şans qazanan futbolçu, daha sonra Azərbaycana gəlmişdi. Onu da qeyd edək ki, müdafiəçinin “Simurq”a keçidi zamanı meneceri hazırda “Neftçi”nin idman direktoru olan Ceyhun Sultanov idi. Sultanov futbolçunu “Sumqayıt” və “Simurq”a təklif etsə də, Gökdəmirin seçimi Zaqatala klubundan yana olmuşdu.

Əlinin “Simurq”a keçidində Ceyhun Sultanovun rolunun olduğunu deməsi yerli mətbuat tərəfindən birmənalı qarşılanmamışdı. Çünki Sultanov o dövrdə həm də “Sumqayıt”da menecer kimi işləyirdi və onun başqa kluba futbolçu transfer etməsi narazılıq yaratmışdı. Ancaq daha sonra “Simurq” rəsmilərindən biri Sultanovun bu işdə agent kimi iştirak etmədiyini demişdi.

Hazırda Almaniyanın “Şvebiş-Hall” klubunda olan Əli Gökdəmir məşqçi-futbolçu kimi fəaliyyət göstərir. Onun komandası hazırda Almaniyanın həvəskarlar liqasında mübarizə aparır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button