Azərbaycan millisi heyətin genişliyi məsələsində problemlər yaşayır – Yurçeviç

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, 52 yaşlı xorvat mütəxəssis, debütünün martın 21-də Xorvatiya yığmasına qarşı keçiriləcək oyuna təsadüf etməsini xoş hadisə adlandırıb:

“Bu, üst-üstə düşdü. Azərbaycan millisində debütümü Zaqrebdə reallaşdırmaq xoş olacaq”.

O, özündən əvvəl Azərbaycan millisinə rəhbərlik etmiş həmyerlisi Robert Prosineçki haqda da fikir bildirib:

“Prosineçki Azərbaycanda dərin izlər buraxıb, burda çox sevilib. Hələ də onu çox sevirlər. Azərbaycan millisini çalışdıracağım üçün çox məmnunam. Bu, böyük şeydir və motivasiya alıram”.

Xorvatiyalı mütəxəssis AÇ-2020-nin qrup mərhələsindəki şansları dəyərləndirib:

“Qrupda hər komanda öz istəklərinə və hədəflərinə malikdir, bu da başadüşüləndir. Xorvatiya qrupun aşkar favoritdir, bu haqda uzun danışmaq lazım deyil. Amma biz sürpriz etmək üçün yollar axtarırıq. Niyə hələ də Azərbaycanın Avropa çempionatı ilə bağlı xəyalları yoxdur? Ümid etmək təbii haldır, düz deyil?”

Yurçeviç Azərbaycan millisinin problemlərinə də toxunub:

“Azərbaycan millisi keçmişdə hər kəsi təəccübləndirib, Xorvatiya ilə oyunda olduğu kimi. Sadəcə, problem ondadır ki, nəticələr davamlı şəkildə deyil. Milli komandanın daha çox üzvlərinin olduğu “Neftçi” – “Qarabağ” görüşünü izlədim. Burda çox yaxşı futbolçular var. Bununla yanaşı, Azərbaycan millisi heyətin genişliyi məsələsində problemlər yaşayır. Ancaq komanda üzvləri ilə söhbət edib ortaq fikirə gələcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button