Emin Ağayev: “Bizim milli komanda ilə digərlərinə baxın, özünüz fərqi görəcəksiz” – Müsahibə

Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda “Səbail” klubunda məşqçi kimi çalışan Emin Ağayevin Komanda.az saytına müsahibəsi:

  • Emin bəy, Azərbaycan milli komandası son olaraq DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya Bakıda 1:2 hesabıyla məğlub oldu. Qarşılaşma ilə bağlı fikirləriniz nədir?
  • Necə deyim, ilk hissədə komanda yaxşı oynadı, lakin nəticədə uduzdular. Futbolçular pis çıxış etmirdi, ilk hissədə yaxşı oynadılar.
  • Oyun iki hissədən ibarət olur axı. İkinci hissədə bəs nə çatmadı ki, yaxşı oynasınlar?
  • Fiziki durum yaxşı deyildi. Həm də, Serbiyanın futbolçuları Avropada, yaxşı klublarda oynayırlar. Bizimkilər isə Azərbaycanda. Sadəcə bir nəfər – Anatoli Nuriyev Ukraynada çıxış edir.
  • Yəni məğlubiyyətə səbəb onların futbolçularının Avropa klublarında çıxış etməsidir?
  • Bəli, mən belə düşünürəm.
  • Azərbaycan yığması bir yoxlama, iki seçmə mərhələ oyununda məğlub oldu. DÇ-2022-nin digər oyunlarına nəzər salanda görürük ki, Malta səfərdə Slovakiya ilə heç-heçə edir, Lüksemburq gedir İrlandiyanı məğlub edir. Ermənistan yığması da üç oyunda üç qələbə qazanaraq, qrupunun lideri olur…
  • Hə, baxıram. Lüksemburq və Ermənistan yığmasının Avropada çıxış edən futbolçuları var. Bizim milli komanda ilə digərlərinə baxın, özünüz fərqi görəcəksiz. Onların futbolçuları hardadır, bizimkilər harda… Gürcüstan İspaniya ilə oyunda son dəqiqə qolu ilə uduzdu. Ermənilər İslandiyanı, Rumıniyanı udurlar. Onların futbolçuları Rusiyada, Almaniyada oynayır. Baxın da, bunların özü elə hər şeyi göstərir.
  • Bəs bizim futbolçular niyə Avropa klublarında deyil?
  • Ona görə ki, bizdə vəziyyət yaxşıdır.
  • Nə vəziyyəti? Futbolçuların klubları ilə olan müqavilə şərtləri baxımından deyirsiz?
  • Bəli, müqavilələr yaxşıdır və buna görə xaricə çıxmırlar.
  • Bəs 15-20 il əvvəl niyə yerli futbolçular ölkə xaricinə çıxırdılar?
  • Biz futbol oynamaq istəyirdik. Rusiyada, İspaniyada çıxış edən futbolçularımız var idi və millimiz güclü idi, yaxşı çıxış edirdi. Bizim nəticəmiz var idi, Serbiyanı, İsveçrəni udmuşduq.
  • Millinin uğursuzluğu təkcə bununla bağlıdır?
  • Bəli, mən belə düşünürəm.
  • Yığmanın baş məşqçisi Canni De Byazi oyunlarda meydana 6 müdafiəçi buraxır. Bununla nəsə nəticə əldə etmək olar?
  • Nə deyim, məşqçinin işinə qarışmaq olmaz. Problem hər tərəfdə var. Bu haqda heç nə deməyəcəm.
  • De Byazi Serbiya ilə matçın ilk hissəsindən sonra Anatoli Nuriyev və Azər Salahlının yorulduğu üçün əvəzlənmələrini istədiklərini demişdi. Siz də futbolçu olmusuz, 45 dəqiqə oynayıb, yorulduğunuz üçün meydandan çıxmaq istəmisiz?
  • Mən nə deyim? Baş məşqçi De Byazidir və bu, onun işidir. Mən “Səbail”də çalışıram və öz futbolçularımız haqda danışa bilərəm. Amil (Yunanov) millidə idi, son oyunda heyətə salınmadı. Başqa kimsə haqda danışa bilmərəm. Heyəti De Byazi qurur və bu, onun bildiyi işdir.
  • “Səbail”dən yığmaya çağırılan tək futbolçu Amil Yunanov Serbiya ilə oyunun heyətinə salınmadı…
  • Amil yaxşı oğlandır, inşallah, gələcəkdə də millidə oynayacaq. Onun potensialı var, milliyə və komandasına fayda verəcəyini düşünürəm.
  • Son matçda kənarda qalması psixoloji durumuna necə təsir edib, nəsə deyib sizə?
  • Xeyr, heç nə deməyib. Peşəkar futbolçudur, psixoloji durumu yaxşıdır.
  • “Səbail”də millidə çıxış etmiş Əfran İsmayılov, Rahid Əmirquliyev, Rauf Əliyev kimi futbolçular var. Yığmanın nəticələri ilə bağlı onlarla söhbətləşirsiz?
  • Yox, mənə heç nə deməyiblər. Yığma barədə çox söhbətimiz olmayıb. Oyunlara baxandan sonra arada söhbət olur. Nəticələrdən onlar da narazıdırlar.
  • Azərbaycan yığması seçmə mərhələdə növbəti oyunlarını Lüksemburq və İrlandiyaya qarşı keçirəcək.
  • Açığı, heç nə gözləmirəm. Şanslar çox azdır. Görək, necə olacaq. Belə baxanda, nəsə demək olmur. Qarşıda vaxt var. Millinin şansları var, lakin çox azdır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button