“Azərbaycan futbolunu nəyi var miniblər, düşmək niyyətləri də yoxdu”

Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Bakıda Serbiya yığmasına məğlub olub. Komanda.az xəbər verir ki, 1:2 hesablı məğlubiyyətdən sonra Canni De Byazinin rəhbərlik etdiyi komanda yer aldığı A qrupunda sonuncu sıradakı yerində qalıb.

Azərbaycan milli komandasının bərbad çıxışı idman mətbuatında, sosial şəbəkədə tənqid olunmağa davam edir. Son olaraq Serbiya məğlubiyyətindən sonra idman jurnalistləri sosial şəbəkə hesablarında milli komandanın çıxışı və nəticələri ilə bağlı müxtəlif maraqlı fikirlər səsləndiriblər. Onlardan bəzilərini təqdim edirik:

Amal Abuşov (“sport7.az”)

“De Byazinin AFFA-yla anlaşana qədər hardasa iş tapa biləcəyinə ümidi var idi. Artıq üzündəki ifadədən də aydın görünür ki, burdan gedəndən sonra işsiz təqaüdçü taleyi ilə barışacaq…”

Tural Dadaşov (İTV)

“Düz 30 ildi futbola baxıram. Çox maraqlı qol sevincləri görmüşəm. Amma birini heç unutmaram. “Viləş”in Masallıdakı oyunlarının biri idi. Klubun və rayonun rəhbər şəxslərindən biri (adını deməyə ehtiyac görmürəm) sevincini arxadan tullanıb, yan xətt hakiminin belinə minməklə qeyd etdi… O hadisənin üstündən 20 ildən çox vaxt keçib, düşünmürəm indi kimsə “bakavoy”u minməyə cürət edə. Əvəzində, Azərbaycan futbolunu nəyi var miniblər, düşmək niyyətləri də yoxdu. Amma Masallıdakı məllim insaflıydı, 3-4 saniyədən sonra düşmüşdü…”

Vüsal Mahmudov (“futbolinfo.az”)

“Siz futbolu anlamırsız, anlasaz, turnir cədvəlinə Elxan Məmmədov kimi baxardız – təpəsi üstə. O zaman yığmamızı 1-ci pillədə görərdiz…”

Mahir Rüstəmli (“Futbol+”)

“Dəhşətdi! Adam nə deyəcəyini, nə edəcəyini, nə yazacağını, illəri niyə boşa verdiyini bilmir…”

Araz Əhmədov (“sportfm.az”)

“Emin Mahmudov olmayan penaltidən fərqləndi, millimiz beş dəfə hücum təşkil etmək istədi, Şah(!!!) seyv etdi və yenə uduzduq… Bərabərə qalsaydıq, yaxud birdən çaşıb qalib gəlsəydik, Azərbaycan futbolu xilas olacaqdımı?”

Ceyhun Rzayev (“Xəzər” TV):

“De Byazi Azərbaycandan sonra ancaq Keysuke Hondanın baş meneceri olduğu Kamboca yığmasında iş tapa bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button