Azərbaycan karateçilərindən İtaliyada 3 medal

Azərbaycan karateçiləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate 1 Premyer Liqa turnirinin ilk günündə 3 medal qazanıb.

Komanda.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət yığma baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında mübarizə aparır.

16-17 yaşlı idmançılardan Polina Qurenko (-53 kq) və Ramil Baxşəliyev (-55 kq) turnirin gümüş mükafatını qazanıb. Öz çəki dərəcələrində favoritlərdən sayılan Hüseyn Məmmədli və Əminağa Quliyev (-61 kq) bürünc medal uğrunda həlledici görüşdə qarşılaşıblar. Hesab açıılmadığından hakimlərin qərarı ilə döyüşü daha fəal keçirən Quliyev qalib gəlib.

Tale Yaqubov və Turan Rzazadə (hər iksi -68 kq) 1/4 finalda, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə və Fərid Ağayev (-76 kq), həmçinin Ayla Rzazadə (-59 kq), Humay Həsənli (+59 kq), eləcə də Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər iksi kata) isə daha əvvəlki mərhələlərdə məğlub olublar.

Qarşıda 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-52 kq), Nicat Kərimli və Fərid Savadov (-57 kq), Azər Tapdıqlı və Rumil Cəfərli (-63 kq), Arina Bezrebra və Hüseyn Nəsirli (kata) mükafatlar uğrunda mübarizə aparacaqlar.

İdmançılarla bir yerdə beynəlxalq hakim Cahangir Babayev və milli hakim Mir-Cabbar Seyidov, o cümlədən məşqçilər Denis Morozov və Nağı Mehdiyev liqa yarışlarına yollanıb.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci il mövsümündə son rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button