Bizə bir Bas(ş) lazımdır! – Yazı+Fotolar

Vüqar Məmmədov

İslandiya, Qətər və Lüksemburq nümunəsi

Lüksemburq balaca ölkədir. Müqayisə üçün: ərazisi Azərbaycandan 33 dəfə kiçik, əhalisinin sayı 16 dəfə az.

İslandiya futbol oynamaq üçün çox əlverişsiz yerdir (iqlimi soyuqdur): ərazisi Azərbaycandan böyük olsa da, əksər hissəsi buzlaqlardan ibarətdir və yaşamaq üçün yararsızdır. Əhalisi isə Azərbaycanın əhalisindən 28 dəfə azdır.

Qətər futbol oynamaq üçün əlverişsiz ölkədir (iqlimi istidir): ərazisi Azərbaycandan 7,5 dəfə kiçik, əhalisi isə 3,6 dəfə azdır.

Lüksemburq və İslandiya çox da uzaq olmayan keçmişdə əksər rəqiblərinə fəlakətli hesablarla uduzurdu. Qətər də Avropa qitəsində olsa idi, nəticələri digər iki yığma komandadan fərqlənməzdi. Sadəcə, onlar Asiya qitəsinin ölkəsi olduğundan və bu qitədəki rəqibləri o qədər də güclü olmadığından, ortabab çıxış edə bilib, amma elə bir ciddi uğuru yox idi.

Əhalisinin az, iqliminin əlverişsiz olmasına baxmayaraq, yuxarıda adlarını sadaladığım bu ölkələr çox qısa vaxtda uzun yol keçərək, artıq uğur sayıla biləcək nəticələr qazanıblar. Lüksemburq kimi balaca ölkə Avropanın adlı-sanlı komandalarına ciddi müqavimət göstərir. İslandiya yığması dünya və Avropa çempionatlarının final mərhələsinə çıxıb. Qətər isə Asiya çempionu olub. Bu ölkələrin inkişaf tempi bizdən çox-çox sürətlidir. Onlar islahata bizdən gec başlayıb, amma uğur daha çox əldə ediblər.

Biz nələrisə düz etmirik!

Futbolunu inkişaf etdirmək istəyən ölkə inkişaf planını qurur, strategiyasını, hədəflərini müəyyənləşdirib buna doğru gedir və qurduğu plana uyğun, vaxtında hədəflərinə çatır. Biz də eyni şəkildə strategiya qurmuşuq, planlaşdırmışıq, amma nədənsə gedib hədəfə çata bilmirik. Məsələn, 2005-ci ildə ölkəmizdə futbolun inkişafına dair 10 illik dövlət proqramı qəbul edildi. Artıq 2021-ci ildir. 10 il yox, 15 ildən çox zaman keçib. Futbolumuz 15 il əvvəlki ilə müqayisədə çoxmu inkişaf edib? Məncə, yox! Ötən 15 ildə futbolumuza çoxmu vəsait xərclənib? Məncə, hə! İnkişaf tempi xərclənən vəsaitə mütənasibdirmi? Məncə, yox! Çünki başqa ölkələr qat-qat az vəsait xərcləməklə qat-qat yüksək uğura nail olublar.

Biz “futbolumuzda inkişaf yoxdur” desək, bəlkə də, bu, düz çıxmaz. 20-25 il əvvəllə müqayisə etsək, stadionlar tikilib, akademiyalar qurulub, pis-yaxşı, uşaq çempionatları kütləvi şəkildə təşkil olunur. Klublarımızda da legionerlər var. Yəqin elə bunun hesabına klub reytinqində ölkəmiz 20 il əvvəlki ilə müqayisədə xeyli irəlidədir və komandalarımız Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynayıb.

Diqqət etsək, bizim inkişafda yeganə çatışmayan cəhət futbolçu yetişdirə bilməməyimizdir. Məhz bu cəhətdən yuxarıda adlarını sadaladığım ölkələrə uduzuruq. Məsələ burasındadır ki, ən vacibi də budur – oyunçu yetişdirmək! Milli komandamızın sonuncu – Serbiya ilə görüşünün start heyətinə baxsaq, Azərbaycanın uşaq futbol məktəbinin yetirmələrindən cəmi dörd nəfəri görərik – Maksim Medvedev, Abbas Hüseynov, İsmayıl İbrahimli və Azər Salahlı. Digər yeddi futbolçu – Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Elvin Bədəlov, Anton Krivotsyuk, Emin Mahmudov, Anatoli Nuriyev, Əli Qurbani Rusiya, Ukrayna və İran futbolunun yetişdirmələridir. Bu fakt bir daha sübut edir ki, biz futbolçu “istehsal”ında nələrisə düz etmirik.

Anatoli Nuriyev

Fiziki quruluş

Bəzi tənqidçilər vurğunu onun üzərində saxlayır ki, bizim fiziki quruluşumuz futbol oynamağa imkan vermir, boyumuz əsasən balacadır, ayaqlarımız qısadır.Cəfəngiyyatdır. Birincisi, qafqazlıların əksərən o qədər də böyük olmayan boyları var. Bəs onda niyə gürcülərdən futbolçu çıxır? Bundan başqa, ispanlar da kiçikboyludurlar. Amma onlar aparıcı futbol ölkələrindəndir.

Lionel Messinin də, mərhum Dieqo Maradonanın ayaqları da qısa idi. Lakin onlar dünyanın ən güclü futbolçuları sayılırlar. Bütün dövrlərin ən yaxşı “Barselona”sının onurğa sütunları – Xavi, İnyesta və Messinin boyları 1 metr 70 santimetri keçmir ki, bu ölçünü də ucaboyluluğa aid etmək olmaz. Uzağa getməyək, Azərbaycan futbolunun ən yaxşılarından biri İsgəndər Cavadovun boyu yuxarıda adlarını çəkdiyim futbolçulardan çox da fərqlənmir.

İsgəndər Cavadov

Yəni boy, ayaq ölçüləri futbolda meyar ola bilməz. Futbol bəlkə də, yeganə idman növüdür ki, bədənin quruluşu burda demək olar ki, hər hansı rol oynamır. Basketbolda, voleybolda uca boy vacib amildir. Avtomobil yarışlarında orta boylular daha çox uğurlu olurlar. Ağır atletikada kiçik boy və qısa qollar daha ağır ştanqı qaldırmaq üçün əlverişlidir. Qaçışla məşğul olanlar üçün uzun ayaqlar onlara hədəfə tez çatması üçün üstünlükdür. Amma futbolda belə deyil. Hər bədən ölçüsünün öz üstünlüyü var. Məsələn, kiçik boylu futbolçuya “korpus” qoymaq olmur və onlar çox cəld olurlar, uşaqlıqdan yaxşı məşğul olsalar, yüksək driblinq keyfiyyətləri də əldə edə bilirlər.

Futbolda ucaboylu oyunçu da lazımdır. Amma bütün komandaya yox. Əsasən hündürboylu oyunçuya tələbat müdafiənin mərkəzindədir. Əksər halda bu zonanın oyunçularının boyu 1 metr 90 santimetr həndəvərində olur. Bu seçim ona görə edilir ki, qapının qarşısına göndərilən hava toplarında, rəqib hücumçu ilə “ikinci mərtəbə”də mübarizədə üstünlük qazanılsın. Əks halda, yəni rəqib üstünlük qazanarsa, bu, artıq öz qapında təhlükədir. Amma… İndi sizə bir paradoks deyim. Öz mövqeyindəki göstərdiyi oyuna görə “qızıl top”u qazanan yeganə mərkəz müdafiəçisi Fabio Kannavaronun boyu 1 metr 75 santimetrdir. Futbol tarixində, müdafiəçi sayılanlardan Frans Bekkenbauer, Mattias Zammer və Lotar Matteus da “qızıl top” qazanıb. Lakin onlar bu mükafatı müdafiəçi keyfiyyətlərinə görə almayıblar. Matteus “qızıl top”u qazanarkən yarımmüdafiəçi idi, sonradan, yaşlaşandan sonra müdafiə mövqeyinə çəkildi. Zammer də əsasən yarımmüdafiəçi mövqeyində oynayıb, diqqəti də bu mövqedə cəlb edib. Bekkenbauer isə daim hücumlara qoşulub, qollar vurub, daha çox bu keyfiyyətlərinə görə həmin mükafatı qazanıb. Yalnız Kannavaro sırf müdafiə keyfiyyətlərinə və bu zonada göstərdiyi oyuna görə “qızıl top”u qazanıb – 1 metr 75 santimetr boyla. Görürsüz, futbolda bəzən öz mövqeyində vacib olan fiziki üstünlüyün olmaması da ən güclü olmağa mane olmur.

Deməli, bizdə futbolçu yetişməməsinin səbəbi heç də bizim fiziki quruluşumuzla bağlı deyil.

Fabio Kannavaro – Zinəddin Zidan

Psixologiya

Bəs problem hardadır? Səbəblər çoxdur və bu səbəblər barədə mətbuatda çox yazılıb. Mən burda diqqəti çox da nəzərə çarpmayan bir detala yönəltmək istəyirəm. Necə deyərlər, şeytan detallarda gizlənir.

Bu, bizim psixologiyamızla bağlıdır. Əslində, indi oxuyacağınız amil ciddi görünməyə bilər. Amma düşünürəm ki, çox vacibdir. Bilmirəm, haqqında danışmaq istədiyim cəhət bizim qafqazlı olmağımıza görədir, yoxsa keçmiş sovet düşüncəmizdir, yaxud şərq mentalitetidir və ya türk psixologiyasıdır – hər nədirsə, bizdə var. Söhbət nədən gedir? Bu, bizim özümüzü başqalarından üstün görməyimizdir.

Zənnimcə, futbolumuzun inkişaf etməməsinin səbəblərindən biri budur: başqalarını bəyənməməzliyimiz, təkəbbürlüyümüz, özümüz haqqında yüksək fikirdə olmağımız, zəifliyimizi boynumuza almamağımız. Yəni düşünürük ki, biz futbolu başqalarından yaxşı bilirik, öz üslubumuz var, nə bilim, daha nə…

Elə uzağa getməyib, özümdən misal göstərim. Gürcüstanın İspaniya ilə oyununa baxıram, görürəm ki, gürcülərin baş məşqçisi Villi Sanyoldur. Özümdən asılı olmadan əsəbiləşirəm ki, əşi, bu fransız Sanyol kimdir ki, gəlib gürcülərə məşqçilik edə? Gürcülərdən ibarət Tbilisi “Dinamo”su Avropada at oynadan “Liverpul”a üç qol vurub yarışdan çıxaranda, yaxud Fransa klubu “Bastiya”nı məğlub edəndə Sanyol balaca uşaq idi, indi gəlib gürcülərə futbol öyrədəcək? Mənim belə yanaşmam qəribə görünə bilər. Amma bu, bizim mentalitetdir, özümüzü başqalarından üstün bilmək. Gürcüstan da Qafqaz respublikası olduğundan, həm də, sovet dövrü bir yerdə yaşadığımızdan, istər-istəməz onu da özümüzünkü bilərək, belə düşünmüşəm.

Əslində, gürcülər və Sanyol haqqında düşüncələrimdə hardasa özümü haqlı da çıxara bilərəm. Sovet dövründə Qafqaz komandaları “Qafqaz tərzi” deyilən texnikalı futbol oynayırdılar. Hansı ki, üslubuna görə seçilirdi və xeyli baxımlı idi. İndi Gürcüstan yığmasının İspaniya ilə oyununa baxanda görürəm ki, aşağı-yuxarı bizim yığmanın oyununa bənzəyir və tipik Avropa futbolu oynayır. Bəs hanı “Qafqaz tərzi”? Hara getdi? Bilmirəm hara getdi, amma artıq bu üslub görünmür. Üslubun itibsə və komandan nəticə vermirsə, deməli, vəziyyətlə barışmalısan. Yəni futbolu bilən ölkələrdən bir mütəxəssis gətirib dediyinə qulaq asmalısan, yəni bir növ itaət etməlisən. Lakin biz bunu bacarmırıq. Təslim olmaq istəmirik, amma ortaya da bir iş qoya bilmirik.

Villi Sanyol

Keçmişdə futbolu zəif olan, amma sonradan təkan götürməyi bacaran ölkələr belə deyil. Məsələn, Qətər. Onlar itaət göstərirlər. Keçmiş futbolları ilə də öyünmürlər. Xaricdən gələn mütəxəssisə şərait yaradıb, çəkilib durublar qıraqda. Biz belə edirikmi?

Mən Qətər milli komandasının baş məşqçisi Feliks Sançes Basla bağlı məlumatları nəzərdən keçirdim. Barselonada doğulub, yəqin ki, milliyyətcə katalondur. 10 il, 1996-2006-cı illərdə “Barselona”nın gəncləri ilə işləyib. 2006-cı ildə Qətərə gəlib. Bu ölkənin uşaq idman akademiyası olan “Aspira akademiya”da çalışıb. 2013-cü ildə Qətərin 19 yaşlılarına, daha sonra 23 yaşlılarına rəhbərlik edib. 2017-ci ildən Qətər yığmasının baş məşqçisidir. Demək ki, futbolçuları uşaqlıqdan tanıyır, necə deyərlər, “öz əlinin məhsuludur”. O, bu yığma ilə Asiya çempionu olub, indi də ev sahibliyi edəcəkləri dünya çempionatının final mərhələsinə hazırlaşır.

Bizə isə keçən dövr ərzində Niderlanddan, Almaniyadan, Türkiyədən xeyli uşaq və yeniyetmə məşqçi-mütəxəssisi gəlib. Hamısını gəlmələrinə peşman edib, yola salmışıq. Maraqlıdır, bunların heç biri bizə yaramadı?

Axalkatsidən Ələsgərova kimi

Əslində, mən də istəyərdim ki, özünəməxsus oyun tərzimiz olsun. Amma bu tərzi bizə kim verəcək?

Fikrimcə, hər bir oyun üslubu hansısa ərazi ilə adlandırılsa da, əslində, bu, dahi sayıla biləcək şəxsiyyətlərin oyun fəlsəfələri ilə bağlıdır. Məsələn, İtaliyada geniş yayılan “katenaçço” Milan “İnter”ində işləyən argentinalı mütəxəssis Elenio Erreranın adı ilə bağlıdır. Valeri Lobanovski Kiyev “Dinamo”sunda “gələcəyin futbolu” adlandırılan oyun modelini qurmuşdu – buna “Dinamo” üslubu” deyirdilər. Moskva “Spartak”ına məxsus oyun tərzini Konstantin Beskov tətbiq edib – buna da “Spartak” stili” deyirdilər. Braziliya yığmasının gözə baxımlı oyununu düşünürəm ki, Joan Saldanya və Tele Santana oynadırdı. Bu şəxslər öləndən sonra Braziliya həmin oyunu oynamır. İndi artıq Braziliya da Avropa tərzində oynayır.

O cümlədən də, bizim ərazidə “Qafqaz tərzi” adlanan oyun üslubunu “Dinamo”da (Tbilisi) Nodar Axalkatsi, “Neftçi”də isə Əhməd Ələsgərov oynadırdı. Axalkatsi Tbilisi “Dinamo”su ilə SSRİ çempionu ola və Avropa  Kuboklar kubokunu qazana bildi. Amma Ələsgərov “Neftçi” ilə yalnız bir dəfə, gənc yaşında SSRİ çempionatında bürünc medal aldı.

Haşiyə: Əhməd Ələsgərovun potensialı daha artığını etməyə imkan verirdi. Onun bu cür, imkanlarından qat-qat aşağı nəticə göstərməsinin səbəbi fikrimcə, yaradılan şəraitin lazımi səviyyədə olmaması olub. Bürünc medal aldıqdan sonra “torba” tikilib və o, Odessaya gedib. Bu şəhərin “Çernomorest” komandasını SSRİ çempionatının birinci dəstəsində çempion edib, sonrakı mövsüm güclülər dəstəsində üçüncü yerə çıxarıb. Ümumiyyətlə, Əhməd Ələsgərov işlədiyi hər yerdə, çalışdığı komandaların potensialından qat-qat yaxşı nəticə verib. Nə isə, qayıdaq mövzumuza…

Yəni deməyim odur ki, müəyyən bir əraziyə məxsus üslub əslində, hansısa mütəxəssisin oyun fəlsəfəsidir. Artıq indi yuxarıda adlarını sadaladığımız üslublar demək olar ki, qalmayıb. İtaliyanın klubları hamısı “katenaçço” oynamır. “İngilis üslubu” adlanan, cinah ötürmələrindən sonra başla qapıya hücum təkcə İngiltərədə deyil, başqa çempionatlarda da istifadə olunur. Bu gün üslublar bir-birinə qarışıb və nəticəni gətirən bütün yollardan istifadə olunur. Oyunun gedişindən asılı olaraq bunların hər biri tətbiq oluna bilər. Hesabda öndəsənsə, “katenaçço”ya keçə bilərsən. Geridəsənsə, qol lazımdırsa, qapalı müdafiəyə qarşı ingilissayağı cinah “asma”larından istifadə edə bilərsən. Yəni hansı karına gəlirsə, faydalana bilərsən. Yetər ki, bunların hamısından məlumatlı olasan.

Əhməd Ələsgərov

Bizə bir Bas(ş) lazımdır!

Bu gün oynanılan oyun sisteminin bazasını isə əsası Yohan Kroyff tərəfindən qoyulan, sonra isə Pep Qvardiola tərəfindən davam etdirilən, “total futbol” adlandırılan oyun tərzi təşkil edir. Bu oyun tərzinin Kroyff tərəfindən yaranması fikri mübahisə doğura bilər. Amma mən bunu araşdırmışam və əminliklə deyə bilərəm ki, istər 60-cı illərin sonu, 70-ci illərin əvvəllərinin “Ayaks”ı, istər 70-ci illərin Hollandiya yığması, istər 90-cı illərin birinci yarısındakı “Barselona”, istərsə də Frank Raykardın və Qvardiolanın “Barselona”sı Kroyffun beyninin məhsuludur. Mövzumuz bu olmadığına görə, bunda çox dayanmayaq. Qismət olsa, bu barədə də yazarıq.

Sözümün canı odur ki, bu gün aşağı, yuxarı, hamı eyni üslubda oynayır, hər şeydən öndə nəticə gəldiyinə görə, az-çox savadı və istedadı olan məşqçi qələbəni gətirən taktiki variantlar tapa bilir. Oyun zamanı qələbəyə gedən taktiki yollar öyrənildiyndən, belə vəziyyətdə oyunçu amili ön plana çıxır. Əksər hallarda da qələbədə həlledici rolu seçilən taktikadan çox, oyunçuların səviyyəsi oynayır.

Deməli, burdan belə bir nəticəyə gəlirik ki, güclü futbolçu “istehsal etmək” lazımdır. Bu isə bizim ən böyük problemimizdir. Çünki ulduz olması bir yana qalsın, Avropa səviyyəsində ortabab bir futbolçu da yetişdirilməyib. Niyə? Maraqlı sualdır. Bax, bu nöqtədə dayanıb, problemi burdan çözmək lazımdır.

Səbəblər müxtəlif ola bilər: uşaq məşqçilərinin aşağı gəlirlə işləməsi, iş şəraitinin lazımi səviyyədə olmaması, seleksiyanın düzgün aparılmaması, mətbuatın bu sahəyə az diqqət yetirməsi, sistemin düzgün qurulmaması və s. Amma düşünürəm ki, problemin həlli üçün ən vacibi məşqçinin bilik və bacarıq səviyyəsidir. Söhbət təkcə futbolu bilməkdən getmir. Məşqçi savadlı, məlumatlı, intellektli, dünyagörüşlü olmalıdır. O, insan psixologiyasını, fiziologiyasını bilməli, ümumiyyətlə, elmin hər sahəsindən xəbərdar olmalıdır. Çünki iş prosesində bunlar lazım olur. Bizdə belə məşqçi nə qədərdir?

Tez-tez eşitmişik: “nemes”, türkiyəli kimdir ki, gəlib bizə futbol öyrətsin və ya niderlandlı kimdir ki, gəlib pulumuzu yesin? Yaxşı, vermə türkiyəliyə, “nemes”ə, niderlandlıya. Buyur, özün yetişdir. Yetişdirə bilmirsənsə…

Feliks Sançes Bas

Bizim iki yolumuz var: ya özümüz futbolçunu hazırlamalıyıq, ya da özündənrazılığı, başqasını bəyənməməzliyi bir qırağa qoyub, kənardan bilən adamı dəvət edib, ona şərait yaratmaqla qulluğunda durmalıyıq. Məsələn, qətərlilərin Feliks Sançes Basa hər cür şərait yaradaraq, qulluğunda durduqları kimi…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button