“Futbolçu yetişdirə bilməsək də, xalqın övladlarının sağlamlığının keşiyində durmuşuq”

Azərbaycan futbolunda “Mamed müəllim” kimi tanınan Məhəmməd Məmmədov uşaqlığından həyatını futbola bağlayıb.

Komanda.az xəbər verir ki, sabiq qolkiper “Kəpəz”də oynayıb, elə indi də məşqçi qismində fəaliyyətini doğma klubunda davam etdirir.

Koronavirus pandemiyası ilə bağlı Məmmədov sevimli peşəsindən ayrı düşüb. Yalnız müvafiq icazə sənədi ilə özünə doğma məkan saydığı stadiona gəlib-gedə bilir. Məmmədov bununla bağlı “Kəpəz”in mətbuat xidmətinə açıqlama verib:

“Futbolsuz yaşamaq çox çətin imiş. Mən bunu illərlə ömrünü-gününü futbola həsr edən bir şəxs, əməkdar məşqçi kimi deyirəm. Sən demə bizi saxlayan elə futbol imiş. Sağlam qalmağımızın, xoşbəxt görünməyimizin səbəbkarı bu idmandır. Sizi inandırım ki, bu sahədə çalışan insanlar üçün çox çətindir. Çünki həyatmızı futbola həsr etmişik. Futbolçu yetişdirə bilməsək də, xalqın övladlarının sağlamlığının keşiyində durmuşuq. Neynəmək olar, qərar tək bizə yox, hamıya aiddir”.

Meydansız, məşqsiz qalan əməkdar məşqçi telefon vasitəsi ilə yetirmələrinə tapşırıqlarını verir:

“Qruplarda olan uşaqların valideynləri ilə hər zaman təmasdayıq. Ev tapşırıqları veririk, yüngül fiziki hərəkətləri yerinə yetirməyi, topla oynamağı tövsiyyə edirik. Açığı, yetirmələrim üçün çox darıxmışam. Çünki həftənin 7 günü onlarla bir yerdə olmuşuq, məşqlər, oyunlarda görüşmüşük. İndi hardasa 2 aya yaxındır ki, bundan məhrumuq. Əziyyət çəkirik, evdə oturmaqla mümkün deyil. Stadion mənim ikinci evimdir. Bəzən uşaqlarla telefonla danışıram, şəkillərinə baxıram. Yəqin ki, belə getməyəcək. Yaxınlarda idman qurğuları yenidən istifadəyə veriləcək. Onda itirdiyimiz ayları sığortalamağa çalışacağıq. Dövlət tərəfindən qoyulmuş qayda-qanunlara əməl etmək lazımdır. Bütün bunlar bizim sağlamlığımız üçündür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button