Azərbaycanlı futbolçular üçün Premyer Liqa şansı

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 2021/22 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da mövsümün əsas hissəsində sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 38-ci tur çərçivəsində doğma meydanda Tolyatti “Akron”u ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb, 77-ci dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O da bu görüşə start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk” 38 oyuna topladığı 65 xalla 20 kollektiv arasında 4-cü yeri tutub. Sözügedən klub 3-cü yeri tutan “Orenburq”la (74 xal) birgə Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazanıb. Çempion olan Moskva “Torpedo”su (75 xal) və ikinci yeri tutan Voronej “Fakel”i (74 xal) isə Premyer Liqaya birbaşa vəsiqə qazanıb.