Azərbaycanla oyuna yeni formalarla çıxacaqlar

Futbol üzrə Belarus yığması UEFA Millətlər Liqasının oyunlarına yeni formalarla çıxacaq.

Komanda.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandanın 2022-2026-cı illərdə istifadə edəcəyi geyim dəstləri təqdim olunub. Qırmızı rəngli ev formasının ön tərəfində geniş şaquli zolaq var, onun içərisində Belarusa xas yaşıl ornament təsvir olunub. Arxa hissədə isə ölkənin adı yazılıb. Səfər forması əsasən yaşıl rəngdədir.

Belarus seçməsi UEFA Millətlər Liqasındakı ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna sözügedən ölkənin Rusiya ilə birgə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirakı səbəb olub.