“Azərbaycanla matçda müsbət nəticəyə ehtiyac var” – Yohan Valem

Futbol üzrə Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu gün Albaniyada baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah yaxşı komandaya qarşı matçımız olacaq. Oyunçularıma, komandama hər zamankından daha çox inanıram. Futbolçular, assosiasiya və hamımız eyni şey uğrunda mübarizə aparmaq istəyirik: Bu, komandanı daha yaxşı duruma gətirməkdir. Ən qısa müddətdə müsbət nəticə qazanmağa ehtiyacımız var. Azərbaycanla oyun üçün hazır olduğumuzu düşünürəm. Bu, bizim missiyamızdır. Düzgün düşüncə tərzi ilə komandaya yeni nəsə gətirmək niyyətindəyik. Həmişə mübarizə aparırıq və müsbət düşünürük. Hər matçda inkişaf etməyə çalışacağıq”.

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan – Kipr matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.