Dünya çempionatına getməkdən imtina etdi – Azərbaycan millisinin baş məşqçisi

Azərbaycanın sərbəst güləş üzrə milli komandası dünya çempionatının keçirildiyi Qazaxıstanın paytaxtı Nur-Sultana baş məşqçisiz gedib.

Komanda.az xəbər verir ki, Saypula Absaidov mundial öncəsi komandanın “sükan”ını tərk edib. Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib (Report).

Absaidovun bu addımının səbəbi məlum deyil. Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin addımını şərh etmək istəməyib. O, hazırda dünya çempionatına kökləndiklərini bildirib.

Komanda Nur-Sultana köməkçi-məşqçilər Namiq Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında gedib.

Sərbəst güləşçilər dünya çempionatında mübarizəyə sentyabrın 19-da başlayacaqlar.