“Qarabağ”ın hazırda qəssab işləyən keçmiş futbolçusu ilə MÜSAHİBƏ

Futbolçu karyerası ərzində “Şəfa”, “Turan”, “Qarabağ”, “Simurq”, “Kür-Nur”, “Şəmkir” kimi klublarda çıxış etmiş, Azərbaycanın olimpiya yığma komandasında forma geyinmiş Mübariz Abbasovun Komanda.az saytına müsahibəsi:

  • Hazırda nə işlə məşğulsuz?
  • Futboldan uzağıq, qardaş, artıq o yerə də gəlməyimiz çətin görünür. Mingəçevirdə qəssab işləyirəm.
  • Futboldan uzaq düşməyinizə səbəb nə oldu?
  • Vaxt keçdi, komanda olmadı. Özünüz bilmirsiz Azərbaycan futbolunu? Yüksək Liqadan ayrıldızsa, artıq vaxtınız bitir.
  • Nə üçün karyeranızı erkən – 30 yaşında bitirdiz?
  • Son klubum “Şəmkir” olub. “Simurq”dan ayrıldıqdan sonra futbol mənim üçün bitmişdi. Çünki Premyer Liqada olan klubda oynamırsansa, futboldan danışmağa dəyməzdi.
  • Vaxtilə “Qarabağ”da və Azərbaycanın olimpiya yığmasında da oynamısız.
  • Səhv etmirəmsə, 2003/04 mövsümünün yarısında “Qarabağ”da olmuşam. Əsgər Abdullayevin vaxtında da olimpiya yığmasında olmuşam. Yalnız yoldaşlıq oyununda oynamışam.
  • C kateqoriyanız var idi, nə üçün futbolda qalıb, məşqçi kimi çalışmadız?
  • Var idi, ancaq onun da vaxtı qurtardı da. Məşqçilik də elədir ki, gərək gedib Bakıda işləyəsən, ona da maddi imkan yoxdur.
  • Yəni özünüz işləmədiz?
  • Yəni məcbur oldum. Maddi duruma görə qaldım belə. Ailəli adam üçün çətindir. Subay olsaydım, gedib işləmək olardı, ancaq belə şəraitdə maddi vəziyyət buna imkan vermirdi.
  • Son olaraq Mingəçevirin “Energetik” klubunda işləmək istəmisiz, ancaq bu, alınmayıb. Buna səbəb nə olmuşdu?
  • İşləmək istədim, o da ki, alınmadı. Məşqçilər korpusuyla danışdım, onlar da narazılıqlarını bildirdi. Dedilər yer yoxdur. Bu qədər.
  • Sizcə, həqiqətən yer yox idi, yoxsa iş vermək istəmədilər?
  • Başqa məsələlərin olduğunu deyə bilmərəm. Mənə dedilər ki, yer yoxdur. Köhnə adamlar hara, yenilər hara… Biri var, 60-cı illərin futbolunu görmüsən, təcrübən var. Milli komandada oynamış, təcrübəsi olan bir insan digərlərindən daha yaxşı nəticə verə bilər. Bir yerdə çalışanda, gərək bir müddət sonra yerini dəyişməlisən. Məşqçinin müddəti iki ildir, gərək sonra başqa yerə gedəsən. Daha tez gedirsənsə, deməli, artıq problem sənin özündədir. Nə bilim, belə.
  • İş üçün harasa, məsələn, AFFA-ya müraciət etmisizmi?
  • Yox əşi, nə AFFA? AFFA-da kimdir ki, bizi yada salsın? Açıq danışacam, C kateqoriyası bilirsiz necədir? Bu dəqiqə Bakıda o qədər C kateqoriyası olan futbolçu var ki… Bunların arasında futbol oynamış da var, oynamamış da. C kateqoriyası elədir ki, bunu hər kəs ala bilər. Azərbaycanda kamaz “şofer”i də gedib C kateqoriyası ala bilər.
  • Tanışınız olsaydı, futbolda qalıb işləyə bilərdizmi?
  • Normalda hər yerdə işlər elədir də. Hardasa gərək tanışın olsun ki, ən azından bir müddət onun yanında işləyəsən.
  • Şahin Diniyevin tələbələrindən olmusuz. Sizə kateqoriya almağa da o yardımçı olub. Əlaqəniz qalırmı?
  • Tələbə deyəndə ki, bizə futbolu Şahin müəllim öyrədib. Futbolda öyrəndiyimiz hər şeyi onu borcluyuq. Arada danışırıq, xətrini istədiyimiz biridir.
  • Futbolçu karyeranızda da problemlər yaşamısız. Fuad Musayevin dövründə “Şəfa”da qalmayıb, “Turan”a getdiyiniz üçün futboldan bir il uzaqlaşdırılmışdız.
  • Hə, onlar qaldı keçmişdə. Bu, 2000-ci ildə olan bir şey idi. Allah rəhmət etsin Fuad Musayevə. İndi bu haqda danışmaq düz olmaz. Bir şey deyə bilərəm ki, haranınsa böyüyüsənsə, cavanları, gəncləri düşünməlisən.
  • Demək istəyirsiz ki, o zaman sizi düşünən olmamışdı?
  • Yəni də, gərək başa düşsünlər ki, gəncdir, coşan vaxtlarıdır. Səhv edirsə, öyrədəsən ki, gərək sonra bunu etməsin. Cavan idik, beynimiz dumanlı idi. Bu vaxt gərək böyüklər sizə yol göstərsin. Böyüklər də nə bilim, hərə öz istədiyini etdi.
  • Azərbaycan Premyer Liqasını izləyirsizmi?
  • Xeyr, elə belə. Mən heç o vaxtdan normal futbola baxan olmamışam. Elə adam var ki, futbolun xəstəsidir. Mən elə olmamışam.
  • Futbolla heç maraqlanmırsız?
  • Xeyr, nə Mingəçevir, nə də Azərbaycan futboluyla maraqlanıram.
  • Futboldan küsmüsüz?
  • Yüksək səviyyədə futbol olarsa, izləmək olar. Yüksək səviyyədə komanda olsa, hər şeyi yerli yerində olsa, onda izləyib, işləyə bilərsən. Belə olsa, adam əlini-qolunu çirmələyib, işləyər. Amma belə xırda işlərə görə sürünməyə dəyməz. Əziyyət çəkməyə qalanda, onsuz da burda işləyib, bir parça çörəkpulumuzu qazanırıq.
  • Keçmiş komanda yoldaşlarınızla əlaqəniz varmı?
  • Ancaq Mingəçevir uşaqlarıyla. “Qəbələ”nin keçmiş futbolçusu Azər Həşimov, “Karvan”ın futbolçusu Samir Mütəllimovdur, “Sumqayıt”dan Abışov Ramindir, bunlar bizdə oynayıb. Şahin Diniyevin tələbələri olmuşuq. Arada Mingəçevirdə görüşüb, söhbət edirik.
  • Onlar da sizin kimi futboldan uzaqdır?
  • Hə, onlar da futboldan uzaqlaşıb. Başqa işlərdə işləyirlər.
  • Müsahibə üçün çox sağ olun, Mübariz bəy.
  • Siz sağ olun. Heç inanmazdım ki, kimsə bizi axtara, yad edə. Sizə çoxlu təşəkkür edirəm!

Şahin Cəfərov