Azərbaycanın millisi AÇ-nin seçmə mərhələsinə Bakıda hazırlaşır

Avropa çempionatının təsnifat mərhələsində və V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustda keçiriləcək yarışlara hazırlaşan komanda toplanışın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib.

24 voleybolçunun cəlb olunduğu hazırlıq prosesinə baş məşqçi Pərviz Səmədov rəhbərlik edir. Ona Mixail Solovyov və Akif Vəliyev kömək göstərirlər. Təlimlər “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında və Bakı Su İdmanı Sarayında keçirilir.

Plana əsasən, yığmanın hazırlığı iyunun 20-dək Bakıda, daha sonra isə ölkə xaricində olacaq. Toplanış müddətində bir neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Azərbaycan millisi AÇ-2023-ün təsnifat mərhələsində Türkiyə və Danimarka ilə birlikdə A qrupunda mübarizə aparacaq. İslamiadakı rəqiblər isə hələlik məlum deyil.