Azərbaycanın beş güləşçisi finalda

Bu gün Gürcüstanın paytaxtı Tiflisdə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə qran pri turniri start götürüb.

Komanda.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) və Şamil Zubairov (92 kq) finala yüksəlib.

Pərviz İbrahimov (61 kq) ilə Rəşad Yusifli (79 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Yunan-Roma güləşçilərimiz isə maksimum nəticəyə imza atıb. Belə ki, ilk gündə xalçaya çıxan yığmamızın üç üzvü də finala vəsiqə qazanıb. 63 kq-da Murad Məmmədov və Elman Muxtarov finalda üz-üzə gələcək. Digər finalçımız isə İslambek Dadovdur (72 kq).

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.