“Qəbələ” yetişdiyim klubdur, lazım olsa, canla-başla qayıdaram” – Müsahibə

Azərbaycanda AZAL, “Sumqayıt”, “Zirə”, “Qəbələ” kimi klublarda çıxış edən, hazırda Küveyt “Əl-Salmiyə”sində forma geyinən Kamal Mirzəyevin Komanda.az saytına müsahibəsi:

  • Kamal, Küveytdə vəziyyət necədir? Küveytlilər bütün dünyanı cənginə alan koronavirusla necə mübarizə aparır?
  • Ciddi karantin rejimi var hazırda. Hamı bir nəfər kimi qaydalara riayət edir. Qayda pozanlara qarşı böyük məbləğdə cərimələr tətbiq olunur.
  • Hazırda Küveytdə də futbol mövsümü dayandırılıb. Cari mövsümdə “Əl-Salmiyə”dəki çıxışını necə dəyərləndirirsən?
  • Məncə, çox yaxşı çıxış etdim. Amma düzgün qərarı məşqçilər verir.
  • Müqavilənin müddəti ayın sonuna qədərdir. Yeni sözləşmə imzalayacaqsan, yoxsa ayrılıq haqda düşünürsən?
  • Nə qərar verəcəyimi bilmirəm, yaxın vaxtda suallara aydınlıq gələcək.
  • “Əl-Salmiyə”də sənin haqda nə düşünürlər? Səni komandada saxlamaq niyyətləri var?
  • Hələ mənə heç nə deyilməyib. Təklif gələcəyi təqdirdə belə, ayrılmağı fikirləşirəm.
  • Yəni, “qal” desələr də, getməyi seçirsən?
  • Deyiblər ki, müqavilə imzalasaq, gərək, iyul, avqust, sentyabr və oktyabr üçün maaş verək. Ancaq indiki vəziyyətdə onlara bu sərf etmir. Fikirləri başqa şərtlərlə – az maaşla müqavilə təklif etməkdir. Şərtlər də məni razı salmaya bilər. Xarici klubdur, Allah eləməsin, oktyabra qədər gözləsəm və mənə desələr ki, müqavilə imzalamırıq, onda mən havada qalacam. Belə bir situasiya var hazırda. Mən də onlara demişəm ki, təklif gəlsə, dəyərləndirəcəm. Deyiblər ki, hələ tələsmə. Koronavirus bütün hər şeyi pis vəziyyətə salıb.
  • Ayrılacağın halda, Azərbaycana qayıtmağı düşünürsən?
  • Hələ ki, bu haqda heç nə deyə bilmərəm. Buna baxmayaraq, əlbəttə ki, təklif olsa, ailəmin yanında olmağı istəyərəm. Həqiqətən, nə qədər peşəkar olsan da, tək həyat tərzi sürmək çox çətindir. Burda bunu başa düşdüm.
  • Azərbaycandakı son klubun olan “Qəbələ” hazırda elə də yaxşı günlər yaşamır. Klubun maliyyə sıxıntıları var, təklif gəlsə, necə dəyərləndirərsən?
  • Mənim “Qəbələ”dən ayrılmağım klub rəhbərliyinin icazəsi ilə oldu. Çünki biz futbolçular müqaviləyə görə hərəkət edirik. Orda mənə şərait yaratdılar ki, ölkə xaricinə yollanım. “Qəbələ” yetişdiyim klubdur, lazım olsa, canla-başla qayıdaram.
  • Başqa klublardan təkliflər var?
  • Bəli, var.
  • Maraqlananlar Azərbaycan klublarıdır, yoxsa xarici klublar da var?
  • Yerli klublardır, lakin ad çəkə bilmərəm.
  • Karyeran ərzində ilk dəfə legioner həyatı yaşadın. Azərbaycan Premyer Liqasından Küveyt çempionatına yollanmağın birmənalı qarşılanmamışdı. Küveytdə legioner olmaq necə bir təcrübə oldu?
  • Həqiqətən, gözəl hisslərdir. Çətinliklər olsa da, yaxşı insanlardan, işlərdən təcrübə toplayıram. Məndən əvvəl Daniel Subotiç, Lalavele Atakora bura gəlmişdi. Buraya gələrkən də, bura haqda məlumatım var idi.
  • Azərbaycan və Küveyt futbolu arasında nə kimi fərqlər var?
  • Azərbaycan futbolu – Premyer Liqa taktiki baxımdan güclüdür. Burada isə daha çox hücum futboludur, klublar daha çox uzun ötürmələrlə sürətli hücum etməyə çalışırlar.
  • Küveytdə yerli çempionatın taleyiylə bağlı qərar verilməyib. Azərbaycan Premyer Liqasında mövsüm dayandırıldı. Orda da belə bir fikir – mövsümün dayandırılması gündəmdədir?
  • Dayandırılması fikri hələ ki, yoxdur. Lakin istəyirlər ki, sentyabrın sonu, oktyabrın əvvəlinə kimi mövsüm başa çatdırılsın. Qalan dörd turun oynanılması və daha sonra da yeni mövsümün başladılması gündəmdədir.

Şahin Cəfərov