Azərbaycanda 2019-cu ilin ən yaxşı məşqçisi kim olacaq? NAMİZƏDLƏR

Artıq uzun illərdir ki, hər ilin sonuna yaxın Azərbaycanın ən yaxşı futbol məşqçisinin seçilməsi işini Komanda.az saytı həyata keçirir.

İdman mətbuatı və ictimai-siyasi mətbuatın nüfuzlu qəzetlərinin, saytlarının, telekanalların qatıldığı sorğuda məlum olub Azərbaycanın ən yaxşı futbol məşqçiləri.

2019-cu ilin ən yaxşı məşqçisini bu dəfə də Azərbaycan mətbuatı seçəcək. İlin məşqçisi olmağa namizədləri seçərkən, onların son bir ildə qazandığı nəticələri əsas götürülür.

2018-ci ilin ən yaxşı məşqçisi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov olmuşdu.

Beləliklə, Komanda.az sizə 2019-cu ilin ən yaxşı məşqçisi olmağa namizəd 5 mütəxəssisi təqdim edir:

2019-cu ilin “Ən yaxşı məşqçi”si olmağa namizədlər:

Ayxan Abbasov – Sumqayıt

Son mövsümdə “Sumqayıt” mükafatçılar sırasına düşə bilməsə, Premyer Liqanı üst sıralarda bitirməsə də, komanda ölkə kubokunun final oyununa vəsiqə qazanmaqla, çoxunu təəccübləndirdi. Düzdür, “kimyaçılar” kubokun finalından məğlub ayrıldılar. Amma elə də güclü heyəti olmayan komandanın final matçına vəsiqə qazanmasının özü belə, uğur idi. Bunda isə baş məşqçi Ayxan Abbasovun xidməti az deyildi.

Aftandil Hacıyev – Səbail

Yeni yaranmasına baxmayaraq, Aftandil Hacıyevin rəhbərlik etdiyi “Səbail” klubu son mövsümdə Azərbaycan Premyer Liqasında mükafatçılar sırasına düşməyi bacardı. Komandanın bürünc medallara sahib olmasında gənc mütəxəssisin rolu danılmazdır. “Səbail” daha sonra ilk dəfə qatıldığı Avropa Liqasında Rumıniyanın “Universitatya” (Krayova) klubu ilə qarşılaşdı. Bol qollu keçən qarşılaşmalarda mübarizəni dayandıran Azərbaycan təmsilçisi oldu.

Roberto Bordin – Neftçi

“Neftçi” italiyalı mütəxəssisin rəhbərliyi altında ötən mövsümdə Azərbaycan Premyer Liqasında 2-ci yeri tutaraq, gümüş medalları qazandı. “Ağ-qaralar” Avropa Liqasında mübarizəyə qatılaraq, iki mərhələ keçməyi bacardılar. Əvvəlcə Moldova “Speranta”sını yolundan kənarlaşdıran “Neftçi”, daha sonra Rusiyanın “Arsenal” klubundan üstün oldu.

Qurban Qurbanov – Qarabağ

Son illərin dəyişməz çempionu olan “Qarabağ” Qurban Qurbanovla daha bir çempionluğunu rəsmiləşdirdi. Azərbaycan Premyer Liqasının son mövsümünü lider kimi başa vuran “köhlən atlar” əvvəlcə Çempionlar Liqasında, daha sonra Avropa Liqasında mübarizə apardılar. “Qarabağ” Qurbanovun başçılığı altında növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ağdam təmsilçisi həm də, son mövsümdə avrokubokların qrup mərhələsinə vəsiqə qazanan yeganə Azərbaycan klubu oldu.

Sənan Qurbanov – Qəbələ

“Qəbələ” son mövsümdə Premyer Liqada medalçılar sırasına düşə bilməsə də, tarixində ilk dəfə olaraq Azərbaycan kubokunun sahibi oldu. Komanda bu uğura məhz Sənan Qurbanovun rəhbərliyi altında imza atdı.