Azərbaycan yığmasında daha bir itki

Futbol üzrə Azərbaycan yığması daha bir itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, millimizin müdafiəçisi Maksim Medvedev zədələnib.

“Qarabağ”ın da formasını geyinən kapitan bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Monteneqro ilə səfər matçının ilk yarısında ayağından zədə alıb. Zədəyə baxmayaraq, o, ilk hissənin sonuna kimi meydanda qalıb. Lakin fasilədə məşqçilər korpusu onu əvəzləməyə qərar veriblər. Təcrübəli futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu və Kipr yığmasına qarşı növbəti matçda iştirak edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.

Qeyd edək ki, hazırda yığmamızın düşərgəsində olan daha bir müdafiəçi – Təmkin Xəlilzadə də zədədən əziyyət çəkir. “Sabah”ın üzvü hətta bu üzdən Monteneqro ilə matçın iştirak ərizəsinə də daxil edilməyib. Mərkəz müdafiəçisi Bədavi Hüseynov isə Monteneqro ilə oyunda aldığı sarı vərəqə səbəbindən cəzalı duruma düşüb və Kiprə qarşı oynamayacağı dəqiqdir.

Azərbaycan – Kipr matçı oktyabrın 13-də məlum səbəblərdən Albaniyada keçiriləcək.