Azərbaycan yığması Avropa kubokunun qalibi oldu

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

Komanda.az xəbər verir ki, dünyanın 25 ölkəsindən 257 idmançının qatıldığı turnirdə Azərbaycan millisi də 10 cüdoçu ilə təmsil olunub.

İki gün davam edən yarışda yığmamızın üzvləri 5 medal qazanıblar. Sonuncu gündə Zelim Tckayev (81 kq) finalda italiyalı Tiziyano Falkoneni məğlub edərək qızıl medal qazanıb. İmran Yusifov (+100 kq) isə həlledici görüşdə Xorvatiya təmsilçisi Marsel Skaleç üzərində qələbə qazanaraq qızıl medal əldə edib.

Xatırladaq ki, ilk gündə İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) də qızıl medal qazanmışdı. Nazir Talıbov (60 kq) isə bürünc medalla kifayətlənmişdi.

Beləliklə, cüdoçularımız Avropa kubokunda 4 qızıl və 1 bürünc medal əldə ediblər. Bu nəticələrə görə, komandamız turniri kişilər arasında və ümumi komanda hesabında birinci yerdə tamamlayıb.