Azərbaycan taekvondoçuları AÇ-nin ilk gününü medalsız başa vurdu

Azərbaycan taekvondoçuları Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatının ilk gününü medalsız başa vurublar.

Komanda.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində xorvatiyalı Josip Teskeraya uduzub – 9:13.

63 kq-dakı Qasım Məhəmmədov 1/32 finalda ukraynalı Volodimir Bıstrovaya 20:8 hesabı ilə qalib gəlsə də, növbəti raundda belçikalı Açab Juadla bacarmayıb – 6:13.

Qadın taekvonduçulardan 49 kq-da yer alan Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda almaniyalı Suparada Kisskaltaya yenilib – 7:18. 63 kq-dakı Röya Hacıyeva isə 1/32 finalda danimarkalı Luise Linqbeki 6:3 hesabı ilə udsa da, daha sonra almaniyalı Ela Aydınla dueldən məğlub ayrılıb – 1:12.

Bu gün həmçinin parataekvondo üzrə qitə yarışı da start götürüb. 58 kq-dakı Sabir Zeynalov özbəkistanlı Sanjarbəy Muntorova qalib gələrək yarımfinala yüksəlib və ən azından bürünc medalı özü üçün təmin edib. 47 kq-dakı Röyalə Fətəliyeva isə ilk görüşündə türkiyəli Nurcihan Ekinciyə 1:10 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Avropa çempionatı mayın 22-də başa çatacaq.