Rəşad Sadıqov üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 5-ci turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi, kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb. Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub.

Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Sadıqov 2009/10 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.

Rəşad bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.