Azərbaycan Premyer Liqasında son 17 ilin rekordu

Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinin ən məhsuldar komandası “Qarabağ” olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri çempionatın startından keçirdiyi 12 matçda 31 qol vurub. Bu, son 17 ilin mütləq rekordudur. Belə ki, 2004/05 mövsümündən indiyədək heç bir komanda ilk 12 oyunda bu qədər qol vurmayıb. Bunadək də rekord 2004/05 mövsümündə 29 dəfə fərqlənən Ağdam klubuna məxsus idi.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb.

1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, startdakı 12 matçda 31 və ya daha çox qolun vurulmasına 14-cü dəfə təsadüf olunur. Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1996/97 mövsümündə 47 dəfə fərqlənib. “Kəpəz” 1995/96 mövsümündə 42, Sumqayıt “Xəzər”i 1992-ci ildə 40 qola imza atıb.