İlk dəfə səfərdə

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start verilib.
“Zirə” ilk turda “Səbail”lə görüşəcək.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu, “qartallar”ın ölkə çempionatının yüksək dəstəsində 5-ci startı olacaq.

Paytaxt təmsilçisi indiyədək Premyer Liqada dörd mövsüm keçirib. Budəfəki start isə “Səbail”ə qarşı olacaq ki, iki il öncə də 1-ci turdakı rəqib eyni komanda idi. Həmin vaxt rəqibini evdə qəbul edən “Zirə” 2:1 hesabı ilə qalib gəlib. Bütün qolların ilk yarıda vurulduğu matçda Milan Duriçlə Riçard Qadze fərqlənib. Lakin bu dəfə meydan sahibi “Səbail” olacaq. “Zirə” ilk dəfə mövsümə rəqib meydanında başlayacaq. 2015-ci AZAL, bir il sonra “Sumqayıt”ı startda qəbul edən “Zirə” hər iki görüşündə eyni hesab qeydə alınıb. 4 il öncə Viktor İqbekoyinin qolu ilə 1:0 hesablı qələbəyə sevinən “qartallar”, növbəti mövsüm eyni nəticə ilə məğlub olublar.

Düzdür, “Zirə” 2018/19 mövsümünə səfərdə başlamalı idi. Lakin “Qarabağ”la matç təxirə salındığı üçün start “Keşlə”ylə ev qarşılaşmasına təsadüf edib. Mirsayib Abbasovla Pərdis Fərcad-Azadın ilk yarısında qol vurduğu matçın ikinci 45 dəqiqəsində iki top buraxan zirəlilər yekunda 1 xalla kifayətləniblər.

Bir sözlə, qəsəbə təmsilçisi startda keçirdiyi 4 oyunun hamısına doğma azarkeşlər önündə çıxıb və 7 xal toplayıb. 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyəti olan komanda bu matçlarda 5 qol vurub, 4-nü buraxıb.