Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Komanda.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulublar (Report).

Faktla bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma davam etdirilir.

Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.