Azərbaycan millisinin üzvü Rusiyada ən yaxşı müdafiəçi seçildi

Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş futzal üzrə “Caspian Cup-2019” turniri başa çatıb.

Komanda.az xəbər verir ki, son oyunda İran millisini 9:3 hesabı ilə məğlub edən Rusiya yığması turnirin qalibi olub. İran gümüş, Qazaxıstan isə bürünc medal qazanıb. Yığmamız turniri sonuncu pillədə başa vurub.

Rusiya – İran qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İqita (Qazaxıstan) ən yaxşı qapıçı, millimizin üzvü Eduardo Borges ən yaxşı müdafiəçi, Bahadur (İran) ən yaxşı hücumçu, Romulo (Rusiya) isə ən yaxşı oyunçu seçilib. Turnirin bombardiri Qazaxıstan millisinin üzvü Duqlas olub.

Mükafatları Rusiya mini-futbol federasiyasının prezidenti Emil Əliyev, Həştərxan vilayətinin bədən tərbiyəsi və idman naziri Maksim Fidurov, vilayətin mini-futbol federasiyasının rəhbəri Remir Muharramov təqdim ediblər.

Qeyd edək ki, 2017-ci ildə İranda keçirilmiş ilk turnirdə millimiz üçüncü pilləni tutmuşdu. Həmin vaxt qalib İran, gümüş medalçı isə Rusiya olmuşdu. Qazaxıstan isə dördüncü pillədə yer almışdı.