Nazarova yeni müqavilə təklifi

Azərbaycan millisinin üzvü Dmitri Nazarov formasını geyindiyi “Ersgebirge” klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az “bild.de” saytına istinadən xəbər verir ki, bu barədə Aue təmsilçisinin sahibi Helge Leonhardt məlumat verib. O, Nazarovla yanaşı, Tom Baumqart, Yan Hoxşaydt və Klemens Fandrixlə müqavilənin müddətinin 2023-cü ilin yayına qədər uzadılacağını bildirib:

“Onların menecerləri ilə danışıqlarımız son mərhələdədir. Nəyəsə nail olmaq və idmanımızı inkişaf etdirmək istəyiriksə, yaxşı və xarakteri güclü futbolçulara ehtiyacımız var. Bu, təhlükəsizliyimizi təmin edir”.

Dmitri Nazarov 2016-cı ildən “Ersgebirge”nin formasını geyinir. Onun 2-ci Bundesliqa təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.