“Azərbaycan millisinə uyğun oyun üslubu seçəcəyik”

Futzal üzrə Slovakiya millisinin üzvü Matuş Kiyovski Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 32 yaşlı oyunçu Slovakiya Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Əhval-ruhiyyə yaxşıdır. Əsas odur ki, normal hazırlıq keçə bildik. Bu komanda ilə bir neçə dəfə qarşılaşmışıq. Rəqibə uyğun oyun üslubu seçəcəyik. Məşqlərdə müdafiə və hücumda necə oynamalı olduğumuzu aydınlaşdırmağa çalışırıq”.

Heyətdəki itkilərə də toxunan təcrübəli futzalçı qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Təəssüf ki, 3 aparıcı oyunçumuz meydana çıxa bilməyəcək. Buna baxmayaraq, uğur qazanmaq üçün hər şeyi edəcəyik. Bakıda oyun öncəsi daha 2 məşqimiz olacaq. Həmin vaxt bəzi taktiki məsələləri də həll edəcəyik. Ümid edirəm ki, uçuş yaxşı keçəcək”.

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 18:00-da start veriləcək. Rəqib Bakıya yanvarın 28-də çarter reysi ilə gələcək.